KRİSTALLOQRAFİYANIN ƏSASLARI
Mineralogiyanı öyrənən hər bir şəxs mineralların fəza quruluşları haqqında dərin biliyə malik olmalıdır. Bunun üçün isə o, ilk növbədə mineralların təyinində geniş tətbiq olunan morfoloji kristalloqrafiyanın əsaslarını bilməlidir”.
E. Vittaker, “Krystalloqraphy” . New York, 1981
Geoloji proseslər nəticəsində yaranan minerallar kristallik maddə sayılırlar. Kristallik maddədə hissəciklər (atomlar,ionlar) fəzada müntəzəm həndəsi qaydada yerləşməklə yanaşı,həm də bütün istiqamətlərdə qanuni təkrar olunurlar. Kristallik maddədə mineralda müşahidə olunan morfoloji və fiziki xassələr, bilavasitə,onun fəza quruluşunun təbiətindən irəli gəlir. Bununla əlaqədar olaraq kristallik maddələr aşağıdakı ümumi keyfiyyətlərlə səciyyələnirlər:
1. Bərk halda olma xüsusiyyəti.
Kristallik maddələr yalnız bərk halda olurlar. Maye və qaz halında olan maddələr sabit və müntəzəm fəza quruluşuna malik olmadıqları üçün kristallik ola bilməzlər. Lakin bir sıra bərk maddələr də vardır ki, müntəzəm quruluşda olmamaları səbəbindən kristallik adlanmırlar. Bunlara misal olaraq şüşəni,obsidianı göstərmək olar.
2. Anizotropluq xassəsi.