Qəzet nəşrində texnologiyanın sürətli inkişafına baxmayaraq, redaktorlar hələ də redaksiyaya işçi götürərkən aydın və təsirli yazmağı, bundan başqa adi faktlara nəzər yetirməyi bacaran, ictimaiyyətdə və dünyada baş verənləri duya bilən qabiliyyətli və bilikli insanlar axtarırlar.
Bu kitabın əsas məqsədlərindən biri geniş məzmunlu yazını və reportajı ön plana çəkmək, eyni zamanda tələbələrə reportajın hazırlanması prosesini, onun dəqiqliyini, dürüstlüyünü izah etmək və çox mühüm, lakin sezilməz ünsürlərdən olan xəbərin müəyyənləşdirilməsi kimi anlayışlara qoyulan tələblər haqqında bilik verməkdir.
Müəlliflər həmçinin ümid edirlər ki, oxucular yazısında düzgün məlumat verə bilən, öz şəxsi mənafeyini kənara qoymağı bacaran müxbirlərin jurnalist etikasına riayət etməsinin əhəmiyyətini də anlayacaqlar.
Redaktorlar işə hədsiz can yandıran, aydın cümlələr qura bilən, öz qeydlərini bitkin və anlaşıqlı məqaləyə çevirməyi bacaran məsuliyyətli gənc kişi və qadınları əvvəllər heç vaxt bugünkü kimi axtarmamışlar.
Kitab bu cür keyfiyyətlərə xüsusi əhəmiyyət verir və sonrakı işlərə kömək məqsədilə bütün peşəkar jurnalistlərin təcrübəsindən istifadə edir.
Bununla belə, bu və ya digər mövzu heç kimi səriştəli jurnalist kimi formalaşdıra bilməz. Müxbir və redaktor yeni işləməyə başlayanları inandırırlar ki, dünya hadisələrindən geniş məlumat toplamaq, nitq qabiliyyətini yaxşılaşdırmaq üçün onlar qəzetlər, jurnallar, kitablar oxumalıdırlar. Hökumət və biznes sisteminin necə işləməsinin jurnalistikada böyük əhəmiyyəti var. Odur ki, tələbələri bu sistemlə bağlı məqalələr üzərində çalışmağa xüsusi olaraq həvəsləndirirlər.
Tələbələrin faktları toplamaq bacarığını artırmaq, onlara məqalə yazmaq üçün son müddətin əhəmiyyətini daha yaxşı dərk etdirmək, o cüplədən, onlarda gələcəyə real baxışlar formalaşdırmaq üçün biz jurnalistika dərslərinə tələbə şəhərciyindən kənarda tapşırıqlar verilməsinin də aid edilməsini təklif edirik.
Müəlliflər əvəzsiz yardıma görə Hay Tran Fan (Hieu Tran Phan), Peqi Heskes (Peggy Hesketh) və Rob Ostmana {Rob Ostman) da təşəkkür etmək istəyirlər. Rob Ostmanın köməyi, dəstəyi və redaktəsi olmasaydı, bu kitab heç vaxt yarana bilməzdi.