Təqdim olunan dərs vəsaiti genetik modifikasiya edilmiş orqanizmlər və onların məhsulları haqqında yazılmış ilk kitabdır. Bu dərs vəsaitində gen mühəndisliyi nəticəsində genomu dəyişdirilmiş orqanizmlər, onların məhsulları, yayılması və hüquqi tənzimlənməsi haqqında geniş məlumat verilmişdir. Dərs vəsaiti biologiya, tibb, hüquq, kənd təsərrüfatı, ekologiya və biotexnologiya sahəsində ixtisaslaşan tələbələr və bu sahə ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Son vaxtlar ekoloqlar, ictimai qruplar, peşəkar assosiasiyalar, elm adamları, dini təşkilatlar, dövlət rəsmiləri, bir sözlə, bütün tərəqqipərvər insanlar genetik modifıkasiya olunmuş və ya genomunda müəyyən dəyişikliklər edilmiş orqanizmlərin (heyvanlar, bitkilər, mikroorqa-nizmlər və s.) yayılması, onlardan alınan məhsulların getdikcə daha geniş miqyasda istehsalı, ərzaq məhsullarında istifadəsi haqqında öz etirazlarını büruzə verməyə başlamışlar. İndi bu mövzu mətbuat orqanlarının, kütləvi informasiya vasitələrinin, beynəlxalq simpozium və konfransların, insan hüquqları üzrə qanun və müzakirələrin ən aktual mövzularından biri olmuşdur. Dünyanın bir çox elmi mərkəzlərində, laboratoriya və innovativ texnologiyalar sistemlərində alimlər bu məhsulların ziyanı və faydası barədə uzun-uzadı mübahisə etdikləri müddətdə milyonlarla insan heç nədən xəbəri olmadan həmin məhsullardan istifadə etməkdədir. Genetik modifikasiya olunmuş orqanizmlərin yetişdirilməsi və qidalanmada istifadə edilməsi bir çox risklərlə müşayiət olunur. Ekoloqlar genetik dəyişilmiş formaların təsadüfən təbiətə daxil olmasından və ekosistemlərdə fəlakətli dəyişikliklərə gətirəcəklərindən ehtiyatlanırlar. Genetik modifikasiya olunmuş orqanizmlərin yetişdirilməsi problemi ilə bağlı ekoloji risklərdən başqa, qida riskləri də mövcuddur. Məsələn, Braziliya qozunun geninin soya DNT-sinə köçürülməsindən alınmış transgen məhsullardan istifadə bir çox insanlarda yad zülala qarşı allergik reaksiyalara səbəb olub. Pestisidlərə davamlı olan bitki sortları (məsələn, genetik modifikasiya olunmuş soya və qarğıdalı) zəhərli maddələri topladığından qidalanmada istifadə edilərkən zəhərlənməyə səbəb ola bilər.