"-Biiir, ikiii, üççç… Başladı! Gəlin, hamınız bura gəlin. Atam yenə yazmağa başladı". - Bu sözləri qızım Zeynəb deyir. Onun beş yaşı var. Elə əsərin qəhrəmanı da hələlik, deyəsən, odur. Yəqin mən öz əsərimi yazanda qızım üçün teatrabənzər bir şey yaranır. Evdə var-gəl edirəm, saçlarımı qarışdırıram, sancılanmış adamlar kimi əyilib-qalxıram, nə bilim, əlimlə düşüncələrimi alnıma yığıram, qələmi qulağımın dibinə qoyub stolu taqqıldadıram və sairə. Mən ilhama gəlib coşanda özümdə olmuram, yəqin qızım uşaqları bu tamaşaya çağırır.
Nə vaxtdır bir əsər yazmağa qurşanmışam. Əsər qızımın dili ilə belə başlayır:
Yenə atam axşam evə qayıtdı. İşdən gəlirdi. Çiynindəki nəhəng iynəni otağın küncünə - süpürgənin yerinə qoydu. İynənin gözündə həmişə müxtəlif rəngli saplar olur, bu dəfə qırmızı sap vardı. Anam deyir ki, atam buludları yamayır. Harada yağış məqsədəuyğun deyil, gedib orada buludları ağız-ağıza tikir. Atam anama söyləyib ki, onun işi elə də yüngül deyil. Bəzən buludları tikdiyi yerdə şimşək elə çaxır ki, iynə adamın əlində qızır, yaxud adamın gözü qamaşır, iynə barmağına batır. Son vaxtlar mavi sap az istehsal olun-duğundan buludları yaşıl, yaxud elə qırmızı sapla tikirlər. Ona görə də bəzən göydə tikiş yerləri əməllicə bilinir. Zərər yoxdu, təki iş getsin.
Qardaşım Mustafa artıq üç yaşına çatıb. Atam deyir ki, böyüyəndə onu da bulud tikənlər məktəbinə qoyacaq.
Atam evə gələn