Keçmişimizdə Quba qəzasının Dağıstanı, Sovet hakimiyyəti illərində isə 30 ilə yaxın Qonaqkənd rayonu kimi adlanan ərazidə söz-söhbəti, şəbədəsi ilə seçilən Yerfi kəndinin camaatı hazırcavab, söz altında qalmayan adamlar kimi tanınmışlar.
Bu kitaba ön söz yazarkən tanınmış şair Ələkbər Salahzadənin "Yerfi təpələri" şeiri gözlərim qarşısında canlandı. Elə xəyalən həmin təpələrdən birinin üstündə oturub bu yazını yazmağa başladım. Yeri gəlmişkən, həmin kiçik etüd xarakterli şeirin son misralarını sizin də diqqətinizə çatdırmaq istəyirəm:
Bir çiçəkdən tutub qalxın,
bir ağacdan göyə baxın,
təpəsiniz, Babadağı seyrə çıxın,
bir rəssamın mürgülü tabloları,
yerin Yerfi təpələri.
Mənə elə gəldi ki, bu kitabın müəllifi Tahir Həsənli öz doğma kəndi Yerfi, həmçinin onunla qonşu kəndlərlə bağlı atalar sözlərini, lətifələri, qaravəlliləri, konkret şəxslərin adları ilə bağlı həyat hekayətlərini Yerfi təpələru kimi, əgər belə demək mümkünsə, mürgüləməsinə imkan vermir. Yəni hərəsi bir adamın ürəyində yatıb qalmış həmin inciləri zəhmətkeş arı kimi toplayıb el-obanın yaddaşında yaşatmaqda yenə də israrlı görünür. Niyə yenə də deyirəm? Çünki 4 il öncə qələmə aldığı "Yerfililər" kitabında da xalq ədəbiyyatının incilərinə yer verməklə geniş oxucu auditoriyasının rəğbətini qazana bilmişdi. Mənə elə gəlir ki, məhz "Yerfililər" in bu şəkildə qarşılanması onu növbəti tədqiqatlara daha da həvəsləndirib. Onun bu sahədəki ikinci addımını, yəni "Yerfi töhfələri" kitabını alqışlayır və ona gələcək axtarışlarında uğurlar diləyirəm. Ümid edirəm ki, Tahir müəllim bu məkanla bağlı hələ çox incilər üzə çıxaracaq və gələcək nəsillərə çatdıracaq.