KitabYurdu » Kitab » Neftçi olmaq (Hekayə)


Şeçilmişlər Neftçi olmaq (Hekayə)

Neftçi olmaq (Hekayə) PDF
ADI:
Neftçi olmaq (hekayə) pdf
REYTİNQ:
  • +9
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2018
ÖLÇÜSÜ:
542 Kb

4 dekabr 2015-ci ildə Günəşli yatağında baş verən yanğında və yaşayış köşkünün dənizə düşməsi nəticəsində həyatını itirən neftçilərimizin xatirəsinə həsr olunur.

Pərviz Əlyaroğlu


Hansısa mənzildə, iri damcıların səbrsizliklə torpağa qovuşmağa can atdığı yağışlı bir gecədə isti yorğana bürünüb yatmaq xəyalı çoxu üçün adi görünə bilər. Ya da ki, pəncərədən iri qar lopalarının tələsmədən, yellənə-yellənə düşdüyünü isti sobanın yanında oturub xoşhallıqla izləmək. Əlinə bir kitab da aldınmı hər şey tam olar.  Kreslonun qarşısındakı masanın üzərində isə bir fincan buğlanan qəhvə. Valehedicidir, deyilmi?! Amma həyat həmişə bizə xəyal etdiklərimizi vermir axı. Digər tərəfdən, gərək nəyi arzuladığına da diqqət edəsən. Heç kim həmin yağışlı, qarlı havada xəyalındakı isti evi çöl tərəfdən izləmək istəməz. Və ya arzuladığı kimi sobanın yanında əyləşərkən həyətdə soyuqdan donan hansısa evsizin onu izləyə biləcəyini düşünməz. “Həyat yalnız xoşbəxtlik bəxş edir və əgər mən bu gün üşümürəmsə hamıya istidir” – deyə düşünmək xüsusiyyəti yalnız uşaqlara xasdır. Lakin, elə adamlar var ki, uşaq olmasa da yalnız özünü düşündüyünə görə başqalarını, sadəcə olaraq, görməzlər. 

“Yağışı sevmirəm, çünki qorunmağa bir daldanacaq tapa bilməyən minlərlə insan olduğunu çox gözəl bilirəm” – deyən birini qoruyun. Bu dünyanın gələcəyi məhz onların əlindədir. 

O da bir vaxtlar boş-boş xəyallar qurardı. Geniş otaq, divarda göz oxşayan soba, qarşısında yanaşı qoyulmuş iki yumşaq kreslo, əlində kitab... Lakin, zaman keçdikcə xəyallarını bir daha düşünüb süzgəcdən keçirməyə və hər dəfə də nələrisə çıxarmağa məcbur oldu. Yaşa dolduqca gah kitab yoxa çıxdı, gah yumşaq kreslolar adi stulla əvəzləndi, gah da ki, divardakı soba çevrilib elektrik plitəsi oldu. İndi isə həmin geniş otaq kiçik bir hücrəyə çevrilmişdi xəyallarında. 

Hər şey, sanki, bir anda baş verdi. Əvvəlcə təhsil almaq qərarına gəldi və bundan sonrakı hadisələr öz-özünə, çay kimi axıb gəlməyə başladı. Bir də gördü ki, neft şirkətinin işçilərindən biri olub. Çox keçmədi, tale ona növbəti “hədiyyə”sini də verdi. Suda boğulmaqdan hədsiz qorxan bu xəyalpərəsti düz dənizin ortasına göndərdi. Artıq dörd ay idi ki, dənizdə çalışırdı.  Əvvəl bir az çətin olsa da getdikcə alışmağa başlamışdı bu həyata. Amma nə qədər alışsa da evdən, ailədən və ən əsası torpaqdan bu qədər uzaqda on beş gün keçirmək insanın ağlını başından alır. İlk günlər hər şey qaydasında görünsə də sona yaxınlaşdıqca insanın səbr kasası daşır, sinirləri pozulur. 

Dənizdə yaşayıb işləmək kənardan baxanlar üçün bir az asan, bir az da maraqlı görünə bilər. Günəşin üfüqdən necə çıxıb necə qürub etdiyini yaxından izləmək çoxunun arzusudur. Hamı günəşin batarkən sarımtıl, qırmızı şüalarının dənizin ləpələri üzərində necə parladığını görmək istəyər. Amma heç kim bu mənzərənin sadəcə iki gün cəlbedici, belə sakitləşdirici təsir bağışlayacağını anlamaz. Sonrakı günlərin yenə adi, səssiz və maraqsız günlərdən birinə çevriləcəyini bilməz. Heç kim düşünməz ki, günəşin çıxması da nə vaxtsa adiləşə bilər...