Çox gülənin, çoxmu dərdi?! Əslində mən xoşbəxt deyildim, gülürdüm. Siz elə zənn edirdiz ki, xoşbəxtəm. Hər gülən xoşbəxt olmaz ki... Kim bilir gülən insanlar, gülüşlərinin arxasında nələr gizlədib? Çox sadə baxışla və biraz diqqətlə bunu anlamaq olar. Məsələn, səssizcə gülüb gözləri uzağa doğru baxan varsa, bilin ki, yaxın bir adamını itirib. Qəhqəhə ilə gülüb gözlərini qırpmadan saxlayan varsa, bilin ki, uzun müddətdir acılar onu sıxmasına baxmayaraq ağlamır və bu insanlar çox güclüdürlər. Bəzən düşündüylərimiz, gördüylərimizi sarsıdar. Bu gün yenə yorğun oyandım, pəncərəmə tərəf yaxınlaşdım. Pəncərənin qarşısında əyləşib, radionun səsini çoxaldıb papiros yandırdım. Heç asan deyilmiş səni unutmaq, hər an səsini xatırlayıram, nəfəsini, gözlərini, əllərini, qoxunu. Mən necə unudacam axı səni?! Düşünürəm ki, baş alım gedim bu evdən, bu şəhərdən, bəlkə də bu ölkədən. Bu köksümü yandıran xatirələri ancaq belə külə çevirə bilərəm. Bir tərəfdən də, səni sevdiyim bu evi, bu küçəni, bu universiteti qoyub gedə bilmirəm. Mən axı səni ilk görəndə nə ümidlər bəslədim, nə xəyallar qurdum. Amma nə oldu? Bir şeyi başa düşdüm ki, bəzən heç də heç nə düşündüyümüz, istədiyimiz kimi olmaz! Məndə də elə oldu, səni çox sevdim, çox istədim olmadı. O gözlərində, bir ömür məhbus olsam?.. Saat 13:56, dərsdən çıxıb metroya tərəf gedirdim. 28 mall-ın qarşısında yolu keçmək üçün, işıqforun qırmızı işığının yanmağını gözləyirdim. İşıqfora tərəf baxırdım və diqqətimi çəkən o təlaş, o baxış, o qorxu. Bilmədim nə idi? Amma mən səni o gün sevmişdim. Bu qədər müddətdir, yaxınımda olmusan, amma səni nədən görməmişəm? Niyə belə gec görmüşəm bilmirəm. Sənin günəş rəngli saçların, günəş şüaları ilə o qədər gözəl harmoniya yaradırdı ki, sözlə anlatmaq mümkün deyildir. Gözlərin çox gözəl baxırdı, elə qorxa-qorxa aciz baxışların vardı ki, baxarkən ölməmək mümkünsüz idi. Həmən günü çox xoşbəxt oldum, çünki aşiq oldum. Uzun zaman sonra qəlbimdəki buzlu pərdə sökülməyə başladı, qəlbimin qaranlığı işığa qovuşdu. Bir müddət səni görə bilmədim, deyəsən dərslərə gəlmirdin. Çox üzülürdüm, ev ünvanını tapa bilmirdim yaşadığın məhəlləyə gəlim. Hər gün saat 08:30-dan 18:50-ə qədər universitetdə olurdum. Amma son 3 həftədir ki, səni görmürdüm. Bu gün yenə eynən səhər tezdən 08:30-da universitetin girişində dayandım və siqaretimdən yandırıb çəkməyə başladım. Zəng vuruldu sinifə daxil oldum. Deyəsən bu gün də gəlməyəcəksən və mən səni yenə görə bilməyəcəm. Artıq bütün ümidlərimi itirirdim. Saat 13:30 universitetin qarşısına çıxdım, siqaretimi yandırdım, qulaqcığı taxdım, uşaqların gəldiyi istiqamətə boylandım, aman Tanrım gözlərimə inana bilmirəm, sevincdən az qala dəli olacam, qəlbim yerindən çıxacaq qədər sürətli döyünür, gözlərim yaşarıb, bayaq soyuqdan titrəyən əllərim indi onu görüb əsir. Yanında bir nəfər qız vardı və bir qızda bunlardan biraz arxada qalmışdı, o qız “Nigar” deyə səsləndi. O an dönüb arxasına “buyur”- deyə cavab verdi. Onda bildim adını, Nigar imiş. Özü kimi gözəl adın varmış. Və sonra xəyal qurmağı öyrəndim… Mən səni ikinci dəfə gördükdən sonra sən universitetin giriş qapısından içəri daxil oldun. Ardınca gəldim, 505-ci otağa daxil oldun. Qrup nömrəni öyrənməyə çalışdım. Üçüncü mərtəbəyə düşdüm və dərs cədvəlinə baxdım. Orada 505-ci otaqda dərs yox idi. Daha sonra birinci mərtəbəyə düşdüm, burada 208B qrupunun dərsi olduğunu gördüm. Əhsən mənə qrupunu öyrəndim. Sənin cədvəlini çəkdim. Bundan sonra səni görmək üçün sinif otaqlarının qarşısında dayanırdım. Hər gün eyni ssenari ilə davam edirdi.....