KitabYurdu » Kitab » Fərhad Məmmədov - İsti Buz Ev


Şeçilmişlər Fərhad Məmmədov - İsti Buz Ev

Fərhad Məmmədov - İsti Buz Ev PDF
ADI:
İsti Buz Ev
REYTİNQ:
  • +13
MÜƏLLİF:
JANR:
DİL:
FORMAT:
ÇAP İLİ:
2017
ÖLÇÜSÜ:
1 Mb
Son üç günü yaman gərgin keçmişdi. Evdəkilərin soyğunçu bankların birindən götürdüyü, gecikdirilmiş kreditin dəbbə-dəbbə yığılıb, bir lənətə çevrilmiş faizlərindən qurtulmaq üçün axşam yeddidən gecə saat ikiyə kimi ayıq sürücü işləməyə məcbur qalmışdı. Səhərlər isə normal iş saatlarında, Şüvəlandakı internat məktəbində maddi-texniki təchizat şöbəsinin kargüzarı işləyirdi. Həmkarından və müdirindən fərqli olaraq əlini yetim malına vurmağı özünə fahişəliyə bərabər şərəfsizlik bildiyindən, quru maaşa baxırdı. Başqa ölkədə yaşasaydı onu və onu işəgötürənini maksimum iş saatlarını pozduğuna görə, üstəlik belə yorğun-arğın vəziyyətdə avtomobil idarə etdiyinə görə, üstəlik avtomobildə ona yad olan müştəriləri daşıdığına görə külli miqdarda cərimə edərdilər. Lakin onun yaşadığı ölkədə insanların əksəriyyəti evdə qazanın qaynaması üçün qul kimi gecə-gündüz işləməyə məhkum idi. İkinci iş günündən sonra yuxusuzluq artıq ciddi başağrılarına çevrilmişdi, onda keyimə gedirdi, diqqəti kütləşir, hadisələrə, deyilənlərə reaksiya müddəti uzanırdı. Həftə sonunun gəlməsini səbirsizliklə gözləyirdi. Özünə söz vermişdi ki, bütün şənbə gününü yatacaq. Birdə bazar günü oyanacaq. Artıq cümə günüdür və işini yekunlaşdırıb internatdan 500-600 metr aralıda yerləşən, kirayə qaldığı evə qayıdıb. Axşam saat səkkizdən çarpayıya uzanıb. Heç şam yeməyinə toxunmayıb. Eləcə paltarını soyunub girib yerinə. Nə qədər qəribə olsa da, yatmağı gəlmirdi. Nədənsə yaman narahat idi, ürəyi tez-tez döyünürdü, yalnız şüurlu yuxular görürdü. Ayıq sürücü kimi ilk iş günündə üzləşdiyi problemli müştəri ilə apardığı çətin söhbəti qapalı gözləri qarşısında yenidən canlandırdı. Sərxoş vəziyyətdə olan yaşlı, əynində tünd göy kostyum, boz-qara zolaqlı qalstuk olan, qalın bığlı, xalqın malını yeyən rüşvətxor dövlət məmurunu xatırladan və bəlkə də belə şərəfsizlərdən olan müştəri, Salehlə çox qaba davranmışdı. Hələ həyatında onu bu qədər aşağılayan, ağzından çıxanı deyən olmamışdı. Həmin o yaramaz iki-üç dəqiqədən bir ona “Ay gədə bir az tez sür” deyə üstünə çığırırdı. “ Ayə, sənnən deyiləm, pravanı təzə almısan deyəsən. Ayağıvı qaza bərk bas, yetim”. 
“Ağsaqqal, danışığına fikir ver” – başqa vaxt olsaydı, Saleh bu sözlərə görə onun ağızburnunu dağıdardı, yada yolun ortasında başlı-başına qoyub gedərdi. Ailəsinin maddi problemləri, üstəlik kredit hesabının anasının adına olması, onu işin bütün çətinliklərinə dözmək məcburiyyətində qoymuşdu. İstəməzdiki hansısa bir oğraş bank icraçısı, ödənilməmiş borca görə, anası ilə bacısının qaldığı evdən zorla hansısa qiymətli əşyanı, televizoru və s. qamarlasın. Həmin işçini vurub “murdar” edib, özünü zibilə salmaq istəmirdi. Emosional tətiklərini nəzarətdə saxlamağa çalışıb, dərindən köks ötürdü. “Eybi yox, heç nə qalmayıb. Cəmi 6 ay. Altı aya bu haramzadələrin faizini ödəyib bitirəcəm, sonra canım qurtaracaq”.