Türkiyədə yaşayıb yaradan şair-publisist Coşğun Qarabuludun “Hardan haraya” şeirlər kitabı onun Azərbaycan oxucuları ilə ilk görüşüdür. Fəlsəfi düşücələrə, sətiraltı incə yumora köklənən şeirlərin oxucuların marağına səbəb olacağına inanırıq.
Azərbaycan-Türkiyə! – Könül körpüləri ilə bir-birinə qucaq açan iki qardaş ölkənin insanları həm cismən, həm də ruhən bir-birinə çox bağlıdır. Bir millətin iki dövləti olaraq düşüncə tərzimiz və qəlbimiz eyni döyünməkdədir. Milli qürur hissi, vətəninə, elinə bağlılıq gözəgörünməz hisslərdir, lakin onu duymaq və görmək üçün insanın könül dünyasına, söz mülkünə baş vurmaq yetərlidir. Şifahi xalq ədəbiyyatından tutmuş, yazılı qaynaqlara qədər uzun bir yol keçmiş şeir-sənət abidələrimiz bizim birbirimizə nə qədər doğma olduğumuzu özgü şəkildə göstərməkdədir. Zaman-zaman Qafqazlardan, Azərbaycandan qardaş Türkiyəyə köçüb gedən insanların sayı yüz minlərlə ölçülür. Onlardan biri də uzun on illiklər öncə Şəkidən Sarıqamışa yol alan, orda məskunlaşan həm-vətənlərimizin davamçılarından biri- hazırda Fəthiyədə yaşayıb-yaradan şair-publisist Coşğun Qarabulud bəydir. Eşidən də ki, Coşğun bəyin ata-babaları əslən Azərbaycandan, üstəlik də, doğma Şəkidəndir, onun yaradıcılığına marağım daha da artdı. Mirzə Fətəli Axundov, Bəxtiyar Vahabzadə kimi görkəmli yazıçı və şairlər yetirən Şəki torpağı öz söz-sənət adamları ilə hər zaman seçilib. Şair-publisist Nazilə Gültacın uyğunlaşdırmasında “Hardan-haraya...” şeirlər kitabı məni çəkib çox uzaqlara apardı. Mən Fəthiyədən Şəkiyə, Azərbaycana boylanan bir Ürəyin səsini, döyüntüsünü eşitdim, o ürəyin özünü gördüm... İlk diqqətimi çəkən Coşğun bəyin şeirlərində yaşama və yaşanmışlara pozitiv yanaşma tərzi oldu. Şəkili qanının onun damarlarında axdığını şeirlərindəki incə, sətiraltı yumor hissindən duydum. Həm şeirləri, həm ədəbiyyatşünaslıq yazıları ilə fəal mövqe tutan bir ədiblə üz-üzə dayandığımı anladım. Ümumiyyətlə, bədii söz həmişə zamanla insan arasında birləşdirici mövqe rolunu daşıyıb. Yazar bəzən zamanın axarına qoşulur, bəzən də axına qarşı üzərək, yeni bir tendensiya, bəlkə ahəng yaradır... Sözə, ədəbiyyata yeni nəfəs, yeni söz gətirir yazar. O, söz meydanında mübarizə aparır, gedişatla barışmır. Şeirləri ilə tanış olduqca, hiss etdim ki, Coşğun Qarabulud da bu qəbildən olan şairlərdəndir. Mübariz ruhlu şair ictimai münasibətlərdəki əyər-əksiyə qarşı etiraz edir, ağrılı notlarla oxucuya üz tutur, ictimai düşüncəni laqeydlikdə qınayır. İnsan hisslərinin melodiyasını zümzümə edən şair, şeirlərində sanki bir simfoniya bəstələyib. Şairin şeirləri yığcam və axıcıdır. Gərəksiz söz yığınından çəkinən şair, 2-3 misralıq şeirlərində belə, böyük mətləblərə toxuna bilir: Mənim vəsiyyətim – Hər şeyi zamana buraxıram..!