Neft-qaz yataqları axtarışının səmərəli istiqamətlərinin müəyyən edilməsində neft-geoloji rayonlaşdırmanın əhəmiyyəti çox böyükdür. Neft-qaz-geoloji rayonlaşdırma çöküntütoplanma hövzələrinin müxtəlif miqyaslı neftli-qazlı ərazilərə bölünməsindən ibarətdir. Əsas məqsədi perspektivli neftli-qazlı ərazilərin müəyyən edilməsi olan bu bölgü sistemində KH-lərin generasiya, miqrasiya və akkumulyasiya kriteriyaları, eyni zamanda ərazinin müasir geotektonik quruluşu, onun geostruktur elementlərinin əsas xüsusiyyətləri və ərazidə yayılan çöküntülərin litostratiqrafik xüsusiyyətləri də nəzərə alınmalıdır.
Son illərdə alınmış geoloji-geofiziki işlər, eyni zamanda müəlliflər tərəfindən müxtəlif neftli-qazlı rayonların geoloji quruluşlarının paleotektonik təqiqatları və neft-qazlılıq perspektivliklərinin qiymətləndirilməsi üzrə aparılmış elmi-tədqiqat işlərinin nəticələri əsasında, Azərbaycanın quru ərazisinin müasir regional tektonik quruluşu dəqiqləşdirilmiş və prinsipcə yeni tektonik və neft-qaz-geoloji rayonlaşdırılma aparılmışdır.
Tərtib olunmuş yeni neft-qaz-geoloji rayonlaşdırmada müasir struktur-tektonik xüsusiyyətlərlə yanaşı, Mezozoy, Paleogen-Miosen və Pliosen çöküntü komplekslərinin litofasial xüsusiyyətləri, onların toplandıqları paleotektonik şəraitlər nəzərə alınaraq neftli-qazlı və mümkün neftli-qazlı rayonlar ayrılmışdır. Rayonların neft-qaz-geoloji rayonlaşdırma ierarxiyası üzrə daha böyük vahidləri olan neftli-qazlı vilayətə, neftli-qazlı subəyalətə və hansı neftli-qazlı əyalətə mənsub olduğu geoloji cəhətdən əsaslandırılmışdır.
Rayonlaşdırma həm hövzə, həm də struktur-tektonik prinsiplərə əsaslanmışdır. Bu rayonlaşdırma xəritəsinin tərtibi zamanı neft-geoloji rayonlaşmanın böyük bölgüləri hövzə, orta və kiçik vahidləri isə struktur-tektonik prinsipə əsaslanıb. Xəritənin tərtibi zamanı maksimum məlumatla təmin olunmuşdur. Neftli-qazlı rayonların daxilində neftli-qazlı və perspektivli neftli-qazlı zonalar ayrılmış, zonalarda neftli-qazlı sahələrin yerləşmə xüsusiyyətləri göstərilmişdir.