1999-cu il dekabrın 28-də qəbul edilmiş və 2000-ci il sentyabrın 1-dən qüvvədə olan yeni Mülki Məcəllə (MM) bütün nöqsanlarına baxmayaraq mülki qanunvericiliyin inkişafında irəliyə addım sayıla bilər. 1964-cü il Mülki Məcəlləsinin nizama saldığı iqtisadi münasibətlərin kökündən dəyişdiyi şəraitdə yeni iqtisadi-hüquq münasibətləri, o sıradan mülkiyyət münasibətlərini, bazar iqtisa- diyyatını, bir sözlə, sosialist sisteminin dağılmasından sonra bərqərar olmuş əmlak və şəxsi-qeyri əmlak münasibətlərini nizamlayan qanunun qəbuluna ciddi zərurət var idi. Yeni MM-in qəbulu bundan irəli gəlirdi.
Xüsusi mülkiyyətə keçid, xüsusi hüququn bərqərar olması və möhkəmlənməsi əmlak münasibətlərinin tamamilə başqa prinsiplər əsasında nizamlanmasını, iqtisadiyyata və xüsusi mülkiyyət sferasına dövlət müdaxiləsinə müstəsna hallarda yol verilməsini, mülki dövriyyə iştirakçıları üçün bərabər imkanlar yaradılmasını tələb edir. Lakin çağdaş qanunvericilik və onun tətbiqi təcrübəsi dövlətin mülki hüquq münasibətlərində başqa subyektlərlə bəra- bər əsaslarla iştirak etmədiyini, başqa subyektlərdən yuxarıda dayandığını sübut edir.
Bunun obyektiv və subyektiv səbəbləri var.
Dövlətin bu münasibətləri nizamlayan normativ aktlar qəbuletməsi, iqtisadiyyatın idarə edilməsinin dövlət səlahiyyətində olması, hüquqqoruma funksiyasının əsasən dövlət orqanlarına məxsus olması və s. anlaşılan məqamlardır. Təbii ki, bütün bunlar dövlətin «ikinci təbiətinə» - mülki dövriyyənin, mülki hüquq münasi-bətlərinin iştirakçısı kimi çıxış edən adi hüquq subyektliyinə təsir göstərməyə bilməz. Ancaq bu təsir özü də hədd daxilində olmalı, mülki hüquq münasibətlərinin çərçivəsindən kənara çıxmamalıdır. Obyektiv səbəblərlə müqayisədə subyektiv səbəblər, ümumiyyətlə, anlaşılan deyil, çünki onlar ən yaxşı halda qanunvericiliyin qüsurlarından, pis halda isə hakimiyyətin səlahiyyətlərindən aşırı yararlanmasından irəli gəlir. Ümumi və xüsusi hüququn nisbəti çoxsaylı problemlər yaradır və keçid dövrünün çətinlikləri özünü bir hüquq (qanunvericilik) sistemindən başqasına keçiddə də göstərməyə bilməz. Ancaq bütün bunların fonunda subyektiv səbəblər xeyli dərəcədə həm də süni yaradılmış səbəblərlə çulğaşır ki, bu da mülkiyyət və istehsal münasibətlərinin hüquqla nizamlanmasına əlavə çətinliklərgətirir.
Rusiya Federasiyasının Mülki Məcəlləsindən fərqli olaraq bizim yeni MM-də hüquqi şəxslər arasında dövlət müəssisələri xatırlanmır. Lakin keçmişdən qalmış və yeni yaradılmış çoxlu dövlət müəssisələri fəaliyyət göstərir və bu fəaliyyət əslində, hüquq çərçivəsinə sığmır. Mülki hüquq münasibətləri iştirakçılarının bərabərliyinin pozulmasına gətirib çıxaran amillərdən biri də budur.
Yeni dövr iqtisadiyyatın «daxili» işlərinə dövlətin qarışmasının formal baxımdan önəmli dərəcədə zəifləməsi, iqtisadiyyatın xüsusi və ümumi hüquqa əsaslanan nizamlanmasına hədd qoyulması, vətəndaşların əmlak sferasına dövlət müdaxiləsinin sərt qanun çərçivəsinə salınması, vətəndaş cəmiyyətinin bərqərar olması ilə səciyyələnir. Yeni MM qarşısında duran başlıca vəzifələr həm də bunlardır və bu vəzifələrin həyata keçirilməsi üçün MM-də seçilmiş prinsiplər onu keçmiş mülki qanunvericilik aktlarından və hüquq prinsiplərindən seçilən idealları və hüquq konstruksiyalarını rəhbər tutmağa sövq edir.
Köhnə və yeni mülki məcəllələr əsaslı şəkildə fərqlənir. Lakin ayrı-ayrı hüquq sistemləri və ideologiyası əsasında yazılmış bu qanunlar arasında varislik elementləri də var. Sovet dövründə özəl hüquq sistemi kimi qələmə verilən sovet hüququ, o sıradan mülki hüquq əslində alman-fransız mülki qanunvericiliyindən çox şey götürmüşdü və siyasi-ideoloji qəliblər istisna olunarsa, sırf hüquq konstruksiyaları kontinental hüququ təkrar edirdi. Kökü Qədim Roma mülki hüququna gedib çıxan bir çox institutlar nəinki son bir neçə əsr, hətta bütövlükdə tarixi baxımdan ənənələrini saxlayır, ancaq təbii ki, hər bir siyasi sistem ona əlavələriniedib.