1. Qasırğa
Doroti ucsuz-bucaqsız Kanzas çölünün düz ortasında yerləşən balaca evdə, fermer Henri dayı və onun arvadı Em xalayla birlikdə yaşayırdı. İnşaat üçün lazım olan taxtalar çox uzaqlardan gətirildiyinə görə evləri çox balaca idi; dörd divarı, damı, döşəməsi və bircə otağı vardı, otaqda köhnə paslı sobadan, qab-qacaq taxçasından, masa və bir neçə oturacaqdan, iki çarpayıdan başqa heç nə yox idi. Bir küncdəki böyük yataq Henri dayıyla Em xalanın, o biri küncdəki balaca yataq isə Dorotinin idi. Evin çardağı, zirzəmisi yoxdu, amma döşəmənin altında bir xəndək vardı, güclü qasırğalar zamanı ailə orada gizlənirdi. Bu yerlərdə, qarşısına çıxan bütün evləri dağıda bilən dəhşətli qasırğalar olurdu. Otağın ortasında, döşəmədə
sığınacağa açılan kiçik qapı vardı, buradan nərdivanla həmin sığınacağa enmək olurdu.
Evdən çıxan və ətrafa göz gəzdirən Doroti yalnız kül rəngli çöl mənzərəsini görürdü. Ta üfüqə qədər uzanan bu boz ərazidə insanın gözünü oxşayan nə bir ağac vardı, nə də bir ev. Bu yerlərdə günəş elə qızmardı ki, onun yandırıcı şüaları altında şumlanmış torpaq bir an içində boz palçığa dönürdü. Otlar da ətrafdakı hər şey kimi tezliklə bozarırdı. Bir zamanlar Henri dayı evi rəngləmişdi, lakin günəş boyanı çat-çat etmiş, yağışlar rəngi yuyub aparmışdı. İndi ev də bütünlüklə
bozarmışdı. Em xala bu yerlərə təzə gələndə, gənc və yaraşıqlı bir gəlin idi, lakin amansız günəş və qorxunc qasırğalar öz işini görmüşdü, xalanın gözlərindəki şən qığılcımlar sönmüş, al yanaqları solmuş, çöhrəsi bozarmışdı. Artıq zəifləmişdi, yanaqları çökmüşdü və heç gülümsəmirdi. Yetim qalan Doroti ilk gəldiyi günlərdə uşağın qəh-qəhəsi xalanı elə qorxutmuşdu ki, qızcığazın nəşəli səsini hər eşidəndə diksinib əlini ürəyinin üstünə basırdı, elə indinin özünəcən Doroti hər güləndə xala təəccüblə qıza baxır, bu boz həyatda gülməli nə olduğunu anlaya bilmirdi.
Henri dayı da heç vaxt gülməzdi. Səhərdən axşamadək qan-tər içində işləyər, əyləncənin nə olduğunu bilməzdi. Henri dayı da, uzun saqqalından tutmuş kobud çəkmələrinə qədər, başdan ayağa bom-bozdu . Zəhmli, sərt görünüşü vardı, özü də
qaradinməzin biriydi.
Dorotini əyləndirən, ətrafında hökm sürən bu bozluğa təslim olmağa qoymayan yeganə varlıq balaca Toto idi. Toto boz deyildi. Onun gözəl ipək qara tükü, məzəli qara burnu, sevinclə dolu xırda şən qara gözləri vardı, Toto səhərdən axşama qədər oynamaqdan yorulmazdı. Doroti öz sədaqətli dostunu çox sevərdi.