Bəli, mən bunu bacardım. Hazırda əlində tutduğun bu kitab gecələr məni yuxusuz, gündüzlər istirahətsiz qoyan həmin o xoş dəqiqələrin bəhrəsidir. Əkdiyim bu ağacın bəhrəsini bir mövsüm yox, bir ömür boyu dadmağı arzulayıram. Ədəbiyyat xəzinəsindən əldə etdiyim bu inci kəlamlara görə isə mənim ruhumu pərvazlandıran, qəlbimə ilham bəxş edən hər kəsə öz minnətdarlığımı bildirirəm. Və bunlarla yanaşı, babam cismən görə bilməsə də, ruhən gördüyü üçün inanıram ki, xoşbəxtdir. Məni sevənlərə ithaf olunur.
Bəlkə də, belə iti addımlarla irəliləməsinin səbəbi, onu qarabaqara izləyən müdhiş həyatından yaxa qurtarıb özünü astanasına tərəf yol aldığı gələcək həyatının ağuşuna atmaq istəyidir. Gözoxşayan ağappaq qara basdıqca bu gözəlliyə qara ləkə salan ləpirlər, sanki onun həyatını özündə təcəssüm etdirirdi. Vaxtilə onun da belə ağappaq, təmiz həyatı və bu həyatı ləkələyib qaraldanlar olmuşdur. O bu gecəni aydınladan küçə lampalarının işıq saldığı yerlərdən elə sürətlə adlayıb keçirdi ki, görünən cismi bir andaca ruh kimi qeybə çəkilirdi. Onun zülmət həyatına gec doğub, tez qürub edən günəştək. Qısacası, baş alıb getdiyi bu yol dağın yamacından zirvəsinə kimi hər bir maneənin öz yerini tapdığı həyata bənzəyirdi. Elə hey başını yerə dikib addımlayırdı, sanki boynundan daş asılmışdı. Qorxurdu, başını yuxarı qaldırıb göyə baxmaqdan qorxurdu. Qorxurdu ki, birdən başının üstündə Allahını görər və vicdan adlanan duyğu məngənəyə çevrilib onun qəlbini bərk-bərk sıxar. Nəhəng binanın gur işıqları onun kölgəsini qar üstünə salanda o durdu. Meşənin sıx yerində ovçudan qaçıb talaya çıxan maraltək çaşqınlıqla ətrafa boylandı. Pəncərələrdən asılmış pərdədən bir neçə nəfərin və ikimərtəbəli alt-üst formada olan dəmir yataqların kölgəsi aydınca göründü. Çovğun ac qurd kimi ulayırdı. Bu səsdən vahimələnən qadın bayaqdan durduğu qarın içində ayaqlarının soyuqdan keyidiyini hiss etdi. Səssizcə irəli yeriyib don vurmuş çöldəki sürüşkən pilləkənləri ehtiyatla qalxmağa başladı. Dəmir qapının üzərindəki işığın düşdüyü sonuncu pilləkənə çatdı. Başındakı yaylığı açıb yerə sərdi. Qalın yun parçaya bələdiyi qoynundakı körpəsini yaylığın üzərinə qoydu. Balasına baxdıqca ananın gözləri dolurdu, körpənin napnazik göz qapaqları isə həyatın əsl üzü ilə belə erkən göz-gözə gəldiyindən SADİQ | 7 ağırlaşıb yumulmuşdu. Bəlkə, körpəcə uşaq belə, bu biabırçı mənzərəyə tamaşa etmək istəmirdi. Qadının zil qara saçlarına düşən qar onun zülfünü indidən ağartmışdı, güclü çovğun sanki bir dəniz kimi onun uzun saçını dalğalandırır və hər dəfəsində də bu nəhəng dalğalar qüllə kimi göylərə dirənib zərblə sahilə çırpılırdı. Birdən bu zərif qar dənəcikləri daşlaşıb qadının üzünə şillə kimi çəkildi. Sanki təbiət belə qadının bu hərəkətinə qəzəblənmişdi.