Həmin qətliamın araşdırılıb elmi-publisistik üslubda kitablaşdırılaraq, türk dünyasına təqdim olunması bir neçə il öncə dəyərli millət vəkilimiz dos.dr. Qənirə Paşayevə və tanınmış aydınımız, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı tərəfindən təqdim olunmuşdu. Tural İrfan həmin kitabda da göstərilən faktlar əsasında bu mövzunu daha da genişləndirərək ermənilərin xalqımıza qarşı törətdiyi digər cinayətləri də, bu romanında obrazlı şəkildə canlandırıb.
İşğal olunmuş torpaqlarımız, qaçqın düşmüş el-obalarımız, şəhidlərimiz mövzsusuna usta qələmlərin müraciətinin nədəncə az olduğu ( - xalqımızın, gənclərimizin bu dərdləri unutmaması, gələcək nəsillərə aşılanması xüsusunda yazılmış əsərlərin qıt olduğu…) bir dönəmdə Tural İrfanın yazdığı bu dolğun əsər, təqdirəlayiqdir.
Tural İrfan Qazaxın Bağanıs-Ayrım qırğınının timsalında xalqımızın bütün dərdlərinə, işğal problemlərinə güzgü tutmağa çalışması, ermənilərin xaraktersizliyi, mənfur-məkrli planları, üzsüz üzü və “astar”ları haqqında tarixi faktlara söykənməsi (- olayın birbaşa baş verdiyi coğrafiyanın canlı şahidlərini obraz kimi göstərməsi!) fərqli bir bədii əsər meydana gətirmişdir. Yetərincə aydınımızın, elm-ədəbiyyat adamımızın da məsləhət və təkliflərini nəzərə alaraq (geniş araşdırma sayəsində ələnərək), nəhayət gün üzü görməsinə ehtiyac duyulan bu romanın əsas qiymətini qədirşünas oxucular verəcək.
İşğalçılar tərəfindən düçar edildiyimiz müsibətlərin ədəbiyyatımızda canlandırılması, əsasən gənc nəslin bu sahədə bilgilən(diril)məsi baxımından bu kimi əsərlərin yazılması gərəklidir. Bu fikir dəfələrlə dövlət xadimlərimiz tərəfindən də səsləndirilib.
Ümumilikdə, ilahiyyatçı yazar Tural İrfanın uzun müddət üzərində işləyərək xeyli (hətta nadir sayılacaq) qaynaqlara əsaslanaraq meydana gətirdiyi “Kamikadze” (“İlahi Külək”) romanını, ronmanın əhatə etdiyi mövzunu qənaətbəxş hesab edirəm.