08:45
Ehhh, yenə işə gecikəcəm və qorxuram ki, bu neçə vaxtdır müntəzəm olaraq başıma gəlməyə başlayır. Hazırladığım qəhvəni içməyə belə vaxtım qalmamışdı. Yavaş-yavaş qızımın otağına girirəm, çünki onun qoxusunu duymadan heç vaxt evdən çıxa bilmirəm.
Ah bu qoxu... Bu həyatdakı bütün qoxulardan daha əziz olan bu qoxu sayəsində yaşayayırdım sanki. Gücüm ,motivasiyam, həyatda yaşamaq istəyim elə qızımın bu əvəzolunmaz qoxusu sayəsində idi.
Mənim əslində həyatım bu ölkədə yaşayan digər insanlara baxanda daha yaxşı sayıla bilərdi. Sağlam təməllər üzərində qurduğum bir ailəm var və məncə sadəcə bu belə həyatda hər şeydən önəmli idi mənim üçün. Allahım, hər gün bu tıxacların əlindən artıq təngə gəlmişdim amma nə yaxşı ki, iş yerim çoxda uzaqda yerləşmirdi. Əslində psixoloq olmağın həyatda çətinlikləri daha çox olur. Yəni günün hər saatını özünə və öz problemlərinə deyil, tanımadığın insanların çətinliklərinə ayırırsan. Amma məncə üstün cəhətləri də az sayılmazdı. Mənim üçün üstün cəhətlərindən biri də o idi ki, öz məişət və vacib problemlərimi beş-altı saat bir qırağa atıram. Bilinən bir qayda: İnsanlar bir-birindən fərqlidir və bəzən o qədər fərqli şikayətlərlə gəlirlər ki bu yerə o zaman onların şikayətlərinə ciddi yanaşa bilmirəm. Qəbuluma gələn hər yeni insan və onların bitib-tükənməyən problemləri ilə yeni bir gün başlayırdı mənim üçün. Bu gün yenə maraqlı gün məni gözləyirdi... Belə hiss edirəm və hisslərim heç vaxt məni yanıltmayıb.