Təbii sərvətlərin mühüm tərkib hissəsi olan bioloji müxtəliflik, bütün yaşayış mühitlərində canlı orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən mənfi amillərin sayı artmışdır, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramış, bir çox heyvan növləri və cinsləri məhv olmuş və ya onların sayı kəskin dərəcədə azalmış və nəsli kəsilmək təhlükəsi altında qalmışdır. Bir zamanlar Azərbaycan ərazisində geniş rast gəlinən turan pələngi və talış qırqovulu artıq yabanı təbiətdə məhv olmuş növə çevrilmişdir. Bioloji müxtəlifliyin belə vəziyyəti onun qorunub saxlanması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 24 mart 2006-cı il Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Proqramının 5.1.1. bəndinə əsasən Beynəlxalq və Milli statusa malik olan nadir və nəsli kəsilən heyvan növlərinin siyahısının dəqiqləşdirilməsinə və qorunub saxlanılmasına dair «Azərbaycan Respublikasının «Qırmızı Kitabı»-nın ikinci nəşrinin AMEA Zoologiya İnstitutu və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hazırlanması haqda göstəriş verilmişdir.
Qeyd etmək lazımdır ki, 1977-ci ildə Azərbaycanın ilk «Qırmızı kitabı»nın təsis edilməsi haqqında hökumət tərəfindən qərar qəbul edilmişdir. Qərarın həyata keçirilməsi məqsədilə respublikanın alim və mütəxəssislərinin çoxillik əməyi nəticəsində Azərbaycanın nadir və nəsli kəsilmək təhlükəsi altında olan heyvan və bitki növləri haqqında məlumatlar toplanılmışdır. 1989-cu ildə nəşr olunan Azərbaycanın «Qırmızı kitabı»nın I nəşrinə 108 növ heyvan adı daxil edilmişdir ki, onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq və 40 növü həşəratlar sinfinə mənsubdur. Qeyd olunan heyvanların təsviri, yayıldığı areal, sayı, onların qorunmasına dair tədbirlər və s. haqda məlumatlar verilmişdir.
Hal-hazırda Azərbaycanın «Qırmızı kitabı»nın II nəşrinə, nadir, nəsli kəsilmək və təhlükə altında olmaqla, qorunmasına ehtiyac yaranan 216 növ heyvan daxil edilmişdir. Bunların içərisindən respublikamızın hidrofaunasına daxil olan heyvanlardan 1 növ Oligochaeta, 1 növ Crustacea, 1 növ Mollusca, 75 növ Insecta, 6 növ Amphibia, 14 növ Reptilia, 9 növ Pisces, 72 növ Aves, 39 növ Mammalia sinfinə aiddir.