Kitabda Abşeron yarımadasının, landşaftı, floristik, geoloji və paleontoloji təbiət abidələri, onların ərazi üzrə paylanması, nadir və nəsli kəsilməkdə olan canlıları haqqında sistemli şəkildə məlumatlar verilmişdir. Eyni zamanda Azərbaycan florasına xas olan yüzdən çox bitki növünün təsviri verilmiş, bir çox nadir təbiət abidələrinin fotoşəkilləri ilk dəfə olaraq təqdim edilmiş, ekoloji xəritələr çəkilmiş, bəzi bitkilərin yeni arealları müəyyənləşdirilmiş, ərazinin landşaftını və təbiət abidələrini, nadir bitkilərinin çiçək, meyvə və toxum fazalarını əks etdirən 1000-dən çox şəkli əks etdirilmiş, bu abidələrin koordinatları verilmişdir.
Əsər biomüxtəlifliyin mühafizəsi, ekoloji maarifləndirmə və ekoloji turizm baxımından əhəmiyyət kəsb edə bilər.
Yerin bioloji resursları bəşəriyyətin varlığının təmin edilməsində, onun iqtisadi və sosial inkişafında çox mühüm və vacib əhəmiyyət kəsb edir. Artıq bəşəriyyət bioloji müxtəlifliyin misilsiz və əvəzolunmaz xəzinə olduğunu, onun nəinki ekoloji, həmçinin genetik, sosial, irsi, iqtisadi, elmi, tərbiyəvi, mədəni, rekreasiya və estetik əhəmiyyətini qeyd edir. Bu müddəalar Azərbaycan Respublikasının da qoşulduğu «Biomüxtəlif-lik haqqındakı Konvensiya»da öz əksini tapmışdır. Məhz buna görə bioloji müxtəliflik ölçüyəgəlməz dəyərə malik ümumbəşəri sərvət hesab edilir. Hesablamalar nəticəsində yuxarıda sadalanan və indiyədək bizə məlum olan funksiyaların yekun dəyərinin 35 trilyon (35xl012) ABŞ dolları olduğu müəyyənləşdirilmişdir ki, bu rəqəm də bütün dünya ölkələrinin istehsal etdiyi illik ümumi milli məhsuldan (18 trilyon ABŞ dolları) təxminən iki dəfə çoxdur (Robert Kostanza və b.). Bioloji müxtəliflik həm də böyük maddi sərvətdir. İnkişaf etmiş ölkələrdə xüsusi mühafizə olunan təbiət ərazilərində gəlir-xərclər nisbəti 100:1 nisbətində olduğu göstərilir (Endrü Balmford və b.).