Embriologiya (yunanca embrio-rüşeym qılafda) rüşeymin inkişafı haqqında elmdir. Tibbi embriologiya insan rüşeyminin inkişaf qanunauyğunluqlarını öyrənir. Embriologiya ilə birlikdə histologiya kursunda əsasən toxumaların inkişaf mexanizmi və mənbəyinə, ana-cift-döl sisteminin metaboliki və funksional xüsusiyyətlərinə fikir verilir. Bu sistem normadan kənarlanmanın səbəblərini müəyyənləşdirməyə imkan verir ki, bunun da tibbi praktikada böyük əhəmiyyəti var. Embriologiya patoloji hallarda normal embrioloji inkişafın pozulma səbəblərini, eybəcərliyin yaranmasını və yaranmış eybəcərliyi müalicə etmək və ya dayandırmaq, orqan və toxumaların normal inkişafı və həyati proseslərinin pozulma səbəblərini, ətraf mühit amillərinin embriogenezə təsirini, həmcinin embriogenezin tənzimlənməsi mexanizmlərini öyrənir.
Dərs vəsaitindən universitetlərin biologiya fakültəsində bakalavr dərəcəsi üzrə təhsil alan tələbələr, tibb universiteti, tibb kolleci tələbələri, embriologiya sahəsində tədqiqat aparan mütəxəssislər və həkimlər istifadə edə bilərlər. Bu vəsaitdən orta ümumitəhsil məktəblərinin biologiya müəllimləri də faydalana bilər.