Torpaqşünaslıq - torpaqlar, onların əmələgəlməsi, quruluşu, tərkibi, xassələri, coğrafi yayılma qanunauyğunluqları və torpağın əsas xassəsi olan münbitliyinin formalaşmasını və inkişafını müəyyən edən ətraf mühitlə qarşılıqlı əlaqə prosesləri, torpaqların kənd və xalq təsərrüfatında səmərəli istifadəsi, aqromədəni şəraitdə torpaq örtüyünün dəyişilməsi məsələləri haqqında elmidir.
Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə kursu landşaftın tərkib hissəsi kimi cografi-pedoqoji təhsil sistemində xüsusi yer tutur. Çünki torpaqşünaslıq və torpaq coğrafiyası kursu təbii elm kimi təbiətin tərkib hissələri və onun komponentləri arasında qarşılıqlı vəhdəti və əlaqələri öyrənib müəyyən etmək üçün geniş imkanlar yaradır. Ətraf mühitin bütün komponentlərinin qarşılıqlı təsirinin nəticəsi olan torpagın formalaşması prosesi və torpaq tiplərinin yayılma qanunauygunluqları ilə tanış olduqda yerin coğrafi mənzərəsini öyrənən tələbələr təbiətin mürəkkəb dialektik vəhdətdə və inkişafda olduğunu dərindən dərk edirlər. Əsas istehsal vasitəsi olan torpagın insan cəmiyyəti üçün mühüm əhəmiyyəti vardır. Torpagın öyrənilməsi və onun elmi əsaslarının dərindən dərk edilməsi insanın təsərrüfat fəaliyyətinin düzgün
istiqamətlənməsi, kənd təsərrüfatı istehsalının düzgün planlaşdırılması üçün çox zəruridir.
Torpaqda gedən mürəkkəb bioloji, geokimyəvi və fiziki-kimyəvi proseslərin öyrənilməsi ətraf mühitin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi, qiymətli mineral sərvət yataqlarının axtarışı, müxtəlif mühəndisitikinti obyektlərinin tikilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Cografiya müəllimləri torpaq haqqında biliklərə dərindən yiyələnməlidirlər, çünki orta təhsil sistemində torpaq haqqında ibtidai məktəbdə təbiətşünaslıq dərslərində verilən ümumi anlayışlar, bir qədər sonra botanika, kimya, ümumi biologiya və xüsusilə cografiya kurslarında tədricən genişləndirilir və dərinləşdirilir. Digər fənn müəllimlərindən fərqli olaraq cografiya müəllimləri, müstəsna hal kimi, torpaqşünaslıq və torpaq cografiyası sahəsində bilikləri daha yüksək səviyyədə mənimsəməli və dinamiki olaraq fənlərarası əlaqədə onu istifadə etməyi bacarmalıdır.
“Torpaq coğrafiyası torpaqşünaslığın əsasları ilə” kursu uyğun olaraq pedaqoji universitet və institutların coğrafiya, biologiya və ekologiya fakültələrinin əyani və qiyabi tələbələrinin tədris proqramına uyğun olaraq yazılmışdır.
Dərslikdə torpaqşünaslıq və torpaq coğrafiyasının müasir vəziyyəti, bütövlükdə onun quruluşu və müddəaları coğrafi-pedoqoji təhsil sisteminə uyğun şəkildə qurulmuş, hazırkı dövrdə tətbiq olunan proqramı tamamilə əks etdirir. Kursun materialları girişlə başlayan iki böyük hissədə qruplaşdırılmışdır.
Dərsliyin birinci hissəsində torpaq və onun əmələ gəlməsi haqqında anlayışlar, həmçinin torpaq haqqında təlimlərin qısa inkişaf tarixi, torpaqşünaslığın və torpaq coğrafiyasının əsas nəzəri problemləri, torpağın mənşəyini və təkamülünü əks etdirən ayrı-ayrı ümdə məsələlər, torpağın coğrafi yayılma qanunauyğunluqları barədə məlumat verilir. Burada, eyni zamanda torpaq coğrafiyası proqramına uyğun olaraq torpaqəmələgətirən amillər, aşınma prosesi və torpağın mineral hissəsi, torpağın yaranmasında bioloji amillərin rolu və torpağın üzvi hissəsi, torpaq kalloidləri və torpağın udma qabiliyyəti, torpağın maye və qaz fazalarının kimyəvi tərkibi, fiziki xassələri, morfoloji quruluşu ətraflı təsvir olunmuş, torpaqəmələgəlmə prosesində insan fəaliyyətinin rolu və torpağın insan cəmiyyəti üçün əhəmiyyəti geniş şərh olunmuşdur.
Dərsliyin ikinci hissəsi dünyanın, o cümlədən Azərbaycan Respublikasının əsas torpaq tiplərinin səciyyəsinə həsr edilmişdir. Bu hissədə eyni zamanda, ayrı-ayrı zonal torpaq tiplərinin coğrafi arealları, onların strukturası və regional xüsusiyyətləri, əmələgəlmə şəraiti, morfologiyası, təsnifat sxeminə uyğun olaraq mənşəyi və diaqnostikası, fiziki-kimyəvi və mineraloji xassələri, mühafizəsi, kənd təsərrüfatında istifadəsi və münbitliyini artırmaq yolları təsvir olunmuşdur.
Torpaq coğrafiyasının qanunlarını və prinsiplərini, torpaq örtüyünün zonal və regional xüsusiyyətlərini bilmək, torpaq islahatının müasir tələblərinə uyğun olaraq onun sərvətlərindən səmərəli istifadə etmək, torpağın münbitliyini yüksəltmək coğrafiya və aqronomiya elmləri sahəsində fəaliyyət göstərən bütün mütəxəssislər üçün çox mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, torpaq və onun qlobal səviyyədə coğrafi müxtəlifliyini, onların regional xüsusiyyətlərini bilmədən, orada baş verən təbii prosesləri düzgün qiymətləndirmədən kənd təsərrüfatı, meşəçilik və xalq təsərrüfatının başqa mühüm sahələrinin torpaq fondundan səmərəli istifadə edib düzgün yerləşdirmək və ixtisaslaşdırmaq mümkün deyil. Bu cəhətdən mövcud dərslik Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti müəllim və tələbələri üçün və eləcə də xalq təsərrüfatının müxtəlif sahələrində çalışan uyğun ixtisaslı mütəxəssislərin
istifadəsi üçün çox faydalı və zəruridir.
Dərs vəsaiti hazırlanarkən Azərbaycan Dövlət Pedoqoji Universitetinin coğrafiya fakültəsində uzun müddət çalışan müəlliflərin uzun illər torpaq coğrafiyasından apardığı elmi-tətqiqat materialları və onların universitetlərdə oxuduğu mühazirə mətinləri və əlyazmalarından geniş istifadə edilmişdir. Bununla belə ayrı-ayrı fəsillərin və torpaq tiplərinin şərhində V.V.Dobrovolskinin “География почв с основами почвоведения” (M, 1989), Q.V.Dobrovolski və İ.S.Urusevskayanın ”География почв“ (изд. МГУ, 1984), R.Qanssen ”География почв“ (M, 1962) və prof. İ.S.Kauriçevin redaksiyası altında çapdan çıxmış “Почвоведение” (1989), M.A.Qlazovskayanın “Почвы мира” (изд. MГУ, 1973, т.II) və b. materiallardan istifadə edilmişdir.