Bu kitab Azərbaycan milli detektivinin ən gözəl nümunələrindən biridir. Rusiyanın kiçik şəhərində baş vermiş sirli cinayətdə bir Azərbaycan türkü ittiham edilir. Bununla əlaqədar həmin şəhərdə milli ədavət qızışır. Nahaqdan təqib olunan, incidilən Azərbaycan türkləri çarəsiz durumda qalıb, doğma dövlətlərindən kömək istəyirlər. Azərbaycan baş vermiş cinayəti araşdırıb həqiqi qatili tapmaq və bununla yaranmaqda olan milli ədavətə son qoymaq üçün məşhur cinayət-axtarış eksperti polkovnik Qanbay Qasımlını həmin şəhərə göndərir...
Uzaq Sibirin kiçik və sakit şəhərlərindən biri...
Amma üç-dörd gün idi ki, buranın sakitliyi pozulmuşdu. Tində-bucaqda qorxulu söz-söhbətlər dolaşırdı. Adamlar ardıcıl olaraq törədilmiş müəmmalı cinayətlərdən danışırdılar. Şəhərdə yaşayan azərbaycanlılar gecələr narahat yatır, gündüzlər isə qorxudan küçəyə çıxmağa ehtiyat edirdilər...
Onlar isə baş vermiş xoşagəlməz olaylar barədə heç nə eşitməmişdilər. Nə şəhərin ən varlı iş adamı Pavel Serafimova sui-qəsd təşkil edilməsindən, nə də onun sürücüsü, miliiyyətcə erməni olan Radikin
öldürülüb Katun çayının sahilinə atılmağından xəbərləri yox idi.
Bir ilə yaxın olardı Azərbaycandan gəldikləri. Məqsədləri də yalnız işləyib pul qazanmaq idi. Əsasən, dəri alveri ilə məşğul olurdular. Ən ucqar kəndləri gəzib qoyun-maral dərisi toplayır, onları şəhərə gətirərək dəri emalı sexlərinə satırdılar.
Bir həftəyə əziyyətlə topladıqları malı yenicə təhvil vermişdilər. Yorğun halda səki ilə addımlayır, nahar etmək üçün ucuz bir kafe axtarırdılar.
- Yeməkdən sonra gərək hamama gedəm. - Onlardan biri astadan dilləndi.
- Hə, mən də lap it günündəyəm. - Yoldaşı onun sözünü təsdiq edib boynunu qaşıdı.
İyun günəşi havanı isitsə də hələ qızmar yay girməmişdi. Yaxşı gəzməli hava idi. Amma bu iki
azəri gənci indi daha çox qarınlarını doydurmaq və yuyunub dincəlmək barədə düşünürdülər.