Qadın səadəti… Qadını o səadətə yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması… Sevgidən yaranan qısqanclıq zəminində cinayətin törənməsi. Və nəticədə sevgi umduğu insanların etinasızlığı üzündən qadının "günahsız" qatilə çevrilməsi…
Qapı aramla döyüldü: -Ay qız, İnci, bəsdi yatdın, nə qədər yatmaq olar, gün günortanı ötüb, dur ayağa da, eşidirsən məni? Məsmə idi onu çağıran. - Yenə nə istəyir görəsən, - yarıyuxulu mızıldandı. – Bəlkə otaq lazımdı ona, buna görə bu hay-küyü qaldırıb? Yuxusuzluqdan ağırlaşan göz qapaqlarını çətinliklə açıb, qarşı divardakı dördkünc saata baxdı. Gün günortanı ötüb, axşama yaxınlaşırdı. Gecə barından çıxıb evə çatanda səhər hələ açılmamışdı. İçəri daxil olan kimi səssizcə öz otağına girib, qapını arxadan bağlayıb, əyni paltarlı çarpayısına uzanaraq yuxuya getmişdi. Qollarını dartıb gərnəşməklə yanaşı ağız dolusu əsnədi. Əsnəyəndə nəfəsindən gələn xoşagəlməz içki iyi burnunu qıcıqlandırdıqca əti çimçəşirdi. Barda ötən gecəni xatırladı. Əvvəlcə hər şey öz qaydasında idi. Gecə keçdikcə ətrafındakı kişilərin onu tez-tez müxtəlif içkilərə qonaq ettməsi haldan çıxardı. Qatıb-qarışdırdığı içkilərin təsirindən beyni dumanlanmışdı. Sonra onu o biri qızlarla birlikdə kiçik otaqların birinə apardılar. Orada onunla nə etdilər, başına hansı oyunlar açdılar - xatırlamırdı. Dağılaşanda kimsə qucağına alıb maşına oturtmuşdu. Maşından düşındə sərxoşluğundan səndirləsə də özünü evə çatdıra bilmişdi. Ətrafına boylandı, yadına əl çantası düşmüşdü: görən dəmləşməsindən istifadə edib ona “atmamışdılar?” Çantasını yoxlayıb sakitləşdi. Sağ olsunlar, gözü tox uşaqlardı, - fikirləşdi. Hər şey öz yerində idi: açarları, cib telefonu, bir də ən ümdəsi – gecə "zəhmət haqqısı", yaşıl bank bileti. O bilet ki, insanın istənilən işində, “kütləsindən” asılı olaraq, yaşıl işıq yandırmağa qadirdi. Nə qədər yorğun, əzgin olsa da öz xoşu ilə ayağa durmayacaqdı, bir neçə dəqiqədən sonra Məsmə qara-qışqırıq ilə başının üstünü kəsdirəcəkdi. Ayağa durub yuyunmalı, üz-gözünü, əyinbaşını qaydaya salıb növbəti "iş saatına", yaxınlaşan gecəyə hazırlaşmalı idi.