Taksi üçmərtəbəli dəbdəbəli imarətin qarşısında dayandı. Cəmilə bir az əvvəl marketdən aldığı bir neçə dolu sellofanı götürüb həyətə girdi. Həyətdə olan səs-küy bir anlıq onu çaşdırdı. Tanımadığı adamlar, qonşular, polis işçiləri həyətə doluşmuşdular. Ətrafdakılar izdihamla evə girib çıxırdılar. Bir anlıq özünü itirən qız əlindəki ərzaq dolu sellofanların nə vaxt yerə düşüb dağıldığından xəbərsiz halda sürətlə yuxarıya doğru yüyürdü. Adamlar sanki indi onun nə edəcəyinə maraqla tamaşa etməyi gözləyirmiş kimi aralanaraq ona yol verirdilər. Həyəcandan bütün vücudu tir-tir əsirdi. Sürətlə pilləkənləri qət edib ikinci mərtəbəyə çatanda onu burada qaynı Sahib müəllim qarşıladı. Qız onu görcək qorxudan yerində donub qalmışdı. Deməyə söz tapmadı qızcığaz. Onun içində bir qasırğa baş verirdi sanki. Nə isə soruşmaq istədi, dili söz tutmadı. Sahib təmkin göstərməyə çalışsa da, o da həyəcanlı idi. Cəmiləyə yaxınlaşıb çiyinlərini sıxdı: “Cəmilə, başımıza daş düşdü, məhv olduq, Xalidi öldürüblər...” O yalnız bunu deyə bildi... Möhkəm iradəli olmasına baxmayaraq, cavan qardaşının qətlə yetirilməsi hadisəsi
onu sındırmışdı. Bir neçə dəqiqənin içində gözlərindən axan yaşa hakim kəsilə bilmədi. Cəmilə bu sözdən sonra yalnız “Yox, ola bilməz!” deyə bildi. Bu sözlər o qədər vahiməli və tükürpədici idi ki, o, bu sözləri deyər-deməz huşunu itirdi. Bir az əvvəl deyib, gülə-gülə işə yola saldığı sevimli ərinin ölüm xəbərini eşitsə, kim dözə bilərdi axı?!