Azərbaycan Respublikasının bütün sahələrində olduğu kimi, təhsil sahəsində də geniş miqyaslı islahatlar aparılır. İslahatların gedişi və ilkin nəticələri göstərir ki, yaranan bir çox pedaqoji məfhumları və hadisələri ənənəvi pedaqogika çərçivəsində həll etmək mümkün deyil. Təhsil sahəsində aparılan islahat həm də təhsil məsələlərini öyrənən pedaqoji elmin özündə də islahat aparılmasını zərurə çevirmişdir.
Araşdırmalar göstərdi ki, Azərbaycanda islahata qədər hakim mövqedə durmuş ənənəvi pedaqogika SSRİ şəraitində müttəfiq respublikalar üçün, o cümlədən Azərbaycan üçün də xeyli faydalı olmuşdur. Lakin Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə edəndən sonra pedaqoji prosesin məqsədində, məzmununda, həyata keçirilməsi yollarında və s. cəhətlərində yaranan yenilikləri sovet dövrü üçün səciyyəvi olan anlayışlar çərçivəsində izah etmək, başa düşmək və uğurla həll etmək xeyli çətinləşmişdir.
Nəticədə ənənəvi pedaqogikadan fərqli, yeni mahiyyətli anlayışlar sistemini əhatə edəcək Milli pedaqogika ideyası formalaşmağa başladı.
Respublikanın aparıcı pedaqoq alimlərindən Y.Talıbov, Ə. Ağayev və bu sətirlərin müəllifi yeni pedaqogika - Milli pedaqogika yaratmağın zəruriliyini xeyli vaxt bundan əvvəl əsaslandırmağa başladılar. Əjdər Ağayev «Azərbaycan müəllimi» qəzetinin 1991-ci il 11 dekabr tarixli nömrəsindəki məqaləsini «Milli pedaqogika», Yusif Talıbov isə işlədiyi ali məktəbin 1992-ci ildə çap olunmuş əsərlər toplusundakı məqaləsini düzgün olaraq belə adlandırmışdır: «Milli pedaqogika zamanın tələbidir».
Nəzəriyyədən əməli işə keçildi, mətbuatda qızğın müzakirələr getdi. Milli pedaqogika ideyasına qarşı çıxanlar da tapıldı. Hətta Milli pedaqogika fikrini yazılarının başlığına gətirmiş yuxarıda adları çəkilən mütəxəssislər arasında tərəddüd edən, ondan imtina edənlər də oldu.