Həcmi hidravlik maşınlar» (nasoslar və hidravlik mühərriklər) dərsliyində neft-mexanika və neft-mədən ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün oxunan mühazirələrin məzmunu verilmişdir. Daxil olan mühazirələr hazırda qüvvədə olan tədris proqramlarına uyqun olaraq tərtib edilmişdir.
Dərslikdə həcmi hidravlik maşınlarının nəzəriyyəsi, işçi prosesləri, hesablanması (misallarla), işçi xarakteristikaları, konstruksiyaları şərh edilir.
Dərslik «Hidravlik maşınlar, hidravlik intiqallar və hidropnevmoavtomatika» və «Neft mədən qurğularının hidravlik sistemləri» ixtisaslı ali məktəb tələbələri və magistrantları, eyni zamanda maşınqayırma və mexanika istiqamətli həcmi hidravlik maşınların (həcmi nasosların və həcmi hidravlik mühərriklərin) və həcmi hidravlik intiqalların layihələndirilməsi, tədqiqi və istismarı ilə məşğul olan mütəxəssislər üçün faydalı ola bilər.
Həcmi hidravlik maşınların işi qəbuletmə qabiliyyətinin yüksək olmasına görə onların olduğu hidravlik sistemlərdə çıxış bəndinin idarə etdiyi siqnala əsasən gecikmə müddəti olduqca kiçikdir.
Qeyd olunmalıdır ki, hidravlik motorlar yük altında sərt sürət xarakteristikalarına malikdirlər və kiçik sürətlərdə məhdudiyyətsiz işləyə bilərlər. Bu səbəbdən hidravlik motorlar geniş kiçik sürət dövranlı maşınlarda (konveyerlər, yüksək güclü nəqliyyat maşınlarının çarxları və s.) tətbiq olunurlar.
Dərsliyin sonunda verilmiş əlavələrdə istehsalatda geniş istifadə olunan bir neçə həcmi hidravlik maşınların növlərinin konstruksiyaları, onlara daxil olan düyünlərin, hissələrin cizgiləri və həmin maşınların əsas xarakteristikaları cədvəl şəklində verilmişdir. Bundan başqa, rotorlu nasosların, hidravlik mühərriklərin irəli-geri hərəkətli hidravlik silindrlərin əsas parametrlərinin anlayışları, işarələri və digər parametrlərlə əlaqələri cədvəl şəklinə salınmışdır.
Dərsliyin daxilində əsas istifadə olunan və həcmi hidravlik maşınların ayrı-ayrı növlərinin xüsusiyyətlərini daha dərindən öyrənmək üçün geniş ədəbiyyat siyahısı verilmişdir, hansı ki, bu sahədə əsas dərsliklər, orijinal monoqrafiyalar və ən yeni ədəbiyyatlar daxil olmuşdur.
Müəlliflər dərc olunmuş bu dərsliyin ilkin olduğunu nəzərə alaraq dərslikdən istifadə edən mütəxəssislərin qeyd olunan nöqsanları müəlliflərin nəzərinə çatdırılması üçün əvvəlcədən öz minnətdarlıqlarını bildirirlər.
Təqdim olunan dərslik «Hidravlik maşınlar, hidravlik intiqallar və hidropnevmoavtomatika» və «Neft mədən qurğularının hidravlik sistemləri» ixtisaslı tələbələr və magistrantlar, eyni zamanda maşınqayırma və mexanika istiqamətli həcmi hidravlik maşınların və həcmi hidravlik intiqalların layihələndirilməsi, tədqiqi və istismarı ilə məşğul olan mütəxəssislər üçün də faydalı ola bilər.