Dərslikdə Azərbaycan Respublikasında iqtisadiyyatın dövlət tənzimlənməsi, vergi qanunvericiliyi və vergi inzibatçılığı, hüquqi biliklərin əsasları və digər mövzular haqqında məlumat verilmişdir. Dərslik Azərbaycan Respublikası Vergilər Nazirliyində ümumi peşə hazırlığı çərçivəsində həyata keçirilən ilkin hazırlıq kursu üçün təsdiq olunmuş tədris-mövzu planına uyğun olaraq tərtib olunmuş və vergi orqanlarına işə yeni qəbul edilən əməkdaşlar üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişaf strategiyasına uyğun olaraq digər sahələrdə olduğu kimi, vergi sistemində də vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi inzibatçılığının möhkəmləndirilməsi və müasir informasiya texnologiyalarından istifadə etməklə vergi ödəyicilərinə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi sahələrində davamlı, sistemli və səmərəli vergi siyasəti həyata keçirilir. Aparılan uğurlu iqtisadi, o cümlədən, vergi siyasəti ölkənin makro-iqtisadi göstəricilərində də öz əksini tapmışdır. Son on ildə Azərbaycanda bütün sahələrdə böyük tərəqqi baş vermiş, respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. 2003-2013-cü illər ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır. Bu dövrdə yoxsulluğun səviyyəsi 5,3 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalmışdır.Həmin dövrdə ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83, məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə artmışdır. Ölkədə davamlı inkişafı təmin etmək məqsədilə qəbul edilmiş dövlət proqramında makroiqtisadi sabitlik və iqtisadi artımı təmin edən tədbirlər sırasında büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması üçün vergi qanunvericiliyinin təkmilləşdirilməsi önəmli yer tutur. 2000 –ci ildə qəbul edilmiş və 2001-ci ildən tətbiqinə başlanılan Vergi Məcəlləsinə ötən dövr ərzində dəyişiklik edilməsi haqqında 33 qanun qəbul edilmiş, 815 bənd üzrə dəyişikliklər edilmişdir. 221 maddədən ibarət olan Vergi Məcəlləsinin 100-dən artıq maddəsi vergi ödəyicilərinin hüquqlarının qorunması və onların qanuni maraqlarının təmin olunmasına yönəlmişdir. Vergi Məcəlləsinə son dəyişiklik 2012-ci ilin dekabrında olmuş və Məcəllənin 63 maddəsinə 131 bənd üzrə 176 dəyişiklik edilmişdir. Bu dəyişikliklərin əsas istiqamətləri: vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi yükünün azaldılması və vergi inzibatçılığının təkmilləşdirilməsinə yönəldilmişdir. Vergi yükünün azaldılması və vergitutma bazasının genişləndirilməsi istiqamətində aparılan vergi siyasəti öz nəticəsini vermişdir. Belə ki, son illərdə mənfəət vergisinin dərəcəsi 20 faizə, muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisinin dərəcəsi isə 14%-dək (yuxarı həddi 25%-ə qədər) azaldılmışdır. Vergi inzibatçılığının daim möhkəmləndirilməsi müasir vergi siyasətinin əsas istiqamətlərindəndir. Davamlı inkişaf mərhələsində həm Vergilər Nazirliyinin Aparatında, həm də yerli vergi orqanlarında köklü struktur islahatları aparılmış, daha səmərəli və funksional əsasda fəaliyyət göstərən yeni idarəetmə sistemi təşkil olunmuşdur. Bununla da güclü nəzarət həyata keçirən vergi inzibatçılığı formalaşdırılmış, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr sistemi yaradılmış, müasir səviyyəli təhlil bazasına malik informasiya sistemləri qurulmuşdur. Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının icrasına yönəldilmiş tədbirlərdən biri kimi vergi ödəyicilərinin hüquqlarının müdafiəsi, onların şikayətlərinə obyektiv baxılması məqsədilə daha mükəmməl apelyasiya sistemi – 2008-ci ildə Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası yaradılmışdır. Ötən dövr ərzində Vergi Apelyasiya Şurasına vergi ödəyiciləri tərəfindən daxil olmuş müraciətlərin çoxu vergi ödəyicilərinin xeyrinə təmin edilmişdir. Vergi inzibatçılığının təkmilləşdirilməsində müasir informasiya texnologiyalarından geniş istifadə edilir və əsas tətbiq istiqamətləri: sahibkarlıq subyektlərinin qeydiyyatı, vergi hesabatlarının təqdim edilməsi və vergilərin ödənilməsi, kargüzarlıq işlərinin təşkili və vergi ödəyicilərinə xidmət sahələridir. 2006-cı ildən AVİS (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) fəaliyyət göstərir və vergi öhdəlikləri ilə bağlı prosedurların avtomatlaşdırılmasına imkan verir. 2007-ci ildən elektron bəyannamələr qəbul edilir və hazırda bəyannamələrin 95%-i elektron şəklində göndərilir. Vahid ƏDV depozit hesabı (2008) sisteminin tətbiqi – birbaşa ödənişlərin vergi ödəyicilərinə, dövlət büdcəsinə və gömrük orqanlarına ödəniş prosesini asanlaşdırır, vergi orqanları tərəfindən ödənişlərə nəzarəti təkmil edir. E-ƏDV hesab-faktura sistemi (2010) vergi yoxlamalarının keyfiyyətinin artırılmasına xidmət edir. E-hökumətin elementləri – “vətəndaş-dövlət”, “sahibkar-dövlət” və “sahibkar-sahibkar” münasibətlərinin müasir beynəlxalq standartlar səviyyəsində qurmağa xidmət edən və 2010-cu ildən geniş istifadə edilən Onlayn Kargüzarlıq dövlət qurumları ilə elektron formada yazışmalar aparmağa imkan verir. Hazırda Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin 51-i (59-u planlaşdırılıb) elektron şəkildə həyata keçirilir. Vergi ödəyiciləri e-bəyannamələr, ekargüzarlıq, e-qeydiyyat, e-imza və e-audit xidmətdən istifadə imkanlarına malikdirlər. Xidmətlərin elektron formada həyata keçirilməsi məmur-sahibkar münasibətində şəffaflığı təmin edir, vaxt və maddi xərclərini minimuma endirir.