nnovasiya yönümlü iqtisadiyyat indiki dövrdə ən dinamik və ən yüksək gəlirli istiqamətlərdən sayılır. Tarixə nəzər yetirdikdə görürük ki, dünyanın ən qabaqcıl iqtisadiyyatları yeniliklərə ən tez uyğunlaşa bilənlər sayılıb. Ona görə də Azərbaycan iqtisadiyyatının xammal ixracatçısından elm və innovasiya əsaslı iqtisadiyyata keçid strategiyası çox zəruridir. İndiki dövrdə rəqabət qabiliyyətli məhsul və xidmətlərin yaradılması ancaq bu proseslərə daha çox innovasiyanın tədbiq olunması ilə bağlı ola bilər. İnnovasiyalı iqtisadiyyatın inkişaf etdirilməsi baxımından, əhali və ərazi göstəricilərinə görə, dünya bazarında bizi əhatə edən ölkələrdən daha əlverişsiz vəziyyətdəyik. Ona görə də bizim yeganə yolumuz, elmi texnoloji yanaşmalara daha çox əhəmiyyət verərək, bu əlverişsizliyi fürsətə çevirmək olmalıdır. Əlinizdə tutduğunuz bu kitabda innovasiya sahibkarlığı və təşəbbüskarlığı ilə bağlı problemlər və fürsətlər fundamental olaraq ələ alınıb. Bu işlərə daha çox ekosistem çərçivələri daxilində baxılmağa çalışılıb. Ekosistemdə mövcud olan bütün oyunçular o cümlədən, elm ocaqları, dövlət strukturları, özəl sektor, ixtisaslaşmış maliyyə qurumlarının rolu və adları qeyd olunan strukturlar arasındakı münasibətlər geniş şəkildə izah olunub. Bu oyunçuların ayrı ayrılıqda cəmiyyətə və iqtisadiyyata verdiyi dəyər və effektlər öyrənilməyə çalışılıb. Kitabla bağlı, diqqətlə qeyd etmək istədiyim məqamlardan biri isə, əsasən sahibkarlıq və təşəbbüskarlığın keçdiyi inkişaf və təkamül prosesidir. İndiki dövrdə bunun nə qədər çevik və digər biznes sahələri ilə sıx əlaqəli olduğu çox gözəl araşdırılmışdır. Kitabda yer verilən, ekosistemin əsas oyunçularından olan, o cümlədən ayrıca klaster sayılan texnoparklar haqqında geniş və ətraflı informasiyalar bu istiqamətdə daha koordinasiyalı və səmərəli fəaliyyət qurmaq üçün çox dəyərli sayıla bilər. Müxtəlif ölkələrdəki müsbət təcrübələr və konseptlər bizim milli konseptin hazırlanması üçün "benchmark" kimi dəyərləndirilə bilər.
Düşünürəm ki, bu kitab bir çox yeni biznesə başlayanlar və
mövcud innovativ bizneslə məşğul olanlar üçün yararlı bir vəsait
olacaq, eləcə də məşğul olduqları biznes fəaliyyətləri ilə bağlı daha
köklü və strukturlu biliyə sahiblənə biləcəklər.
Dünyada qloballaşmanın, eləcə də yüksək texnologiyaların
istehsalının və tətbiqinin təsiri ilə baş verən sürətli dəyişikliklər
yeni yanaşmaları ortaya çıxarır. Baş verən proseslər innovasiya,
təşəbbüskarlıq, ekosistem, texnopark, sənaye parkları, elm parkları, ağıllı zonalar, azad iqtisadi zonalar, innovasiya sahibkarlığı,
sahibkarlıqda innovasiya, startap kimi anlayışların aktuallığının
daha da artmasına səbəb olur. Hadisələrin sürətlə dəyişməsi, həmçinin yeni yanaşmaların təsiri ilə, tələb və təklifin müəyyənləşdirilməsi yeni metodların tətbiqinin əhəmiyyətini ortaya qoyur. Başqa sözlə, qeyd olunan proseslərin fonunda aktuallaşan rəqabət
iqtisadiyyatda innovasiyaların tətbiqinə əsaslanan yanaşmaları
zəruri edir. Texnoloji inkişaf sürətlə baş verdiyinə görə, texnologiya idxalı ilə sənayeləşməsini reallaşdıraraq iqtisadi inkişafı qarşısına məqsəd qoyan İEOÖ-lər, artıq bu imkanı itirmiş vəziyyətdədirlər. Çünki idxal olunan texnologiya, müəyyən müddətdən sonra
əhəmiyyətini və etibarlılığını itirərək, bu sahədə rəqabət imkanı
təmin edə bilmir.
Universitetlərdə artıq nəzəri tədqiqatlarla yanaşı, nəticələri
tətbiq oluna bilən tədqiqat işləri də reallaşdırılır. Bu proses kompleks şəkildə tədqiqat işlərinin patentləşdirilməsi və ticariləşdirilməsi işini həyata keçirən, universitet tabeçiliyində fəaliyyət göstərən texnoparklarda baş verir. Digər tərəfdən, sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid ilə daha da aktuallaşan
intelektual insan gücünün inkişafı problemi bu yanaşmanın əhəmiyyətini daha da artırır. Belə ki, informasiya cəmiyyətinin başlıca
tələblərindən biri də bilik əsaslı iqtisadiyyatın formalaşdırılmasıdır. Nəzərə alınmalıdır ki, bilik əsaslı iqtisadiyyatın başlıca hərəkətverici qüvvəsi isə, nəzəri bilikləri ilə yanaşı, həmin sahədə peşəkar bacarıqları ilə də fərqlənən intellektual insan gücüdür.