Geofiziki kəşfiyyatın digər üsulları kimi seysmik kəşfiyyat da Yer qabığının geoloji quruluşunun, onda yerləşən faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı ilə məşğul olur. Həll etdiyi geoloji məsələlərin çoxsaylılığına və dəqiqliyinə görə seysmik kəşfiyyat üsulları digər geofiziki kəşfiyyat üsullarını üstələdiyindən bu kəşfiyyat üsulu hal-hazırda ən geniş yayılmış geofiziki üsul olub geofiziki-kəşfiyyat işlərində aparıcı yer tutur. Seysmik kəşfiyyat qədim zamanlardan məlum olan zəlzələlər haqqında elm sahəsi olan seysmologiyadan ayrılmış və inkişaf etmişdir. Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsullarından biri kimi seysmik kəşfiyyat iyirminci yüzilliyin 20-ci illərinin əvvəllərində tətbiq olunmağa başlanmışdır. Seysmik kəşfiyyat inkişafının ilk dövrlərində seysmologiyanın nəzəriyyəsinə və üsullarına əsaslanmışdır. Həmin dövrdə dünyanın bir sıra seysmoloqlarının və xüsusən də məşhur rus alimi V.V.Qolitsinin tədqiqatları sayəsində seysmologiya həm rəqslərin qeydiyyatının instrumental üsullarında, həm də alınmış məlumatlardan Yerin daxili quruluşunun öyrənilməsi sahəsində mühüm uğurlar qazanmışdır. Zəlzələ ocaqlarında yaranıb Yer səthinə gələn elastiki dalğaları müşahidə etməklə Yer təkindəki ayrı-ayrı sərhədlərin quruluşunun öyrənilməsinin mümkünlüyü sübut edilmişdi. Nəhayət, tədqiqatçılar belə qənaətə gəldilər ki, elastiki dalğaları süni yollarla da həyəcanlandırmaq və onları tədqiq etmək olar. Süni yaradılmış elastiki dalğaların Yer qabığında yayılmasından geoloji kəşfiyyat işlərində istifadə edilməsinin ilk üsulunu 1913-cü ildə R.Fressenden təklif etmiş və patent almışdır. O bu məqsədlə əks olunan dalğalardan istifadə edilməsini təklif edirdi, lakin bir çox metodiki və texniki çətinliklərə görə bu üsul uzun müddət tətbiq edilə bilmədi. 1919-cu ilə L.Mintrop seysmik kəşfiyyatın yeni üsulunu - sınan dalğalar üsulunu patentləşdirdi. Bu üsulun əməli tətbiqi daha sadə olduğundan geoloji kəşfiyyat işlərində geniş tətbiq olunmağa başladı. Bunun sadəliyinin əsası ondan ibarət idi ki, dalğa mənbəyindən müəyyən məsafələrdə sınan dalğalar partlayış nəticəsində yaranan digər dalğaları qabaqlayaraq qəbul məntəqələrinə birinci çatırlar. Bu da sınan dalğaların seysmik yazılarda aşkar edilməsini xeyli asanlaşdırırdı, belə ki, ilkin təkanın, yəni ilkin dalğa gəlişinin yazıda tapılması mümkün idi. Sonralar ilkin gəlişlər üsulu (İGÜ) adını alınmış sınan dalğaların bu ilk üsulu ABŞ-da 1922-23-cü illərdə bir sıra rayonlarda geoloji kəşfiyyat məqsədilə tətbiq olundu. İGÜ-nun nəzəri əsası olaraq E.Vixetin seysmogeologiyada inkişaf etdirdiyi hodoqraflar üsulu xidmət edirdi. Hodoqraf dalğanın müşahidə nöqtəsinə gəlmə vaxtının həmin nöqtənin koordinatından asılılıq əyrisinə deyilir. Seysmik kəşfiyyata tətbiqən hodoqraflar üsulu bu dövrdə R.Ambronn, P.P.Lazarev, A.İ.Zabarovski, S.V.Çibişov və bir sıra digər tədqiqatçıların əsərlərində öz əksini tapmışdır. Elə bu dövrdə P.M.Nikiforov, E.A.Koridalin və xüsusən də Q.A.Qamburtsev geoloji məsələlərin həllində istifadə edilən seysmik dalğaların təbiətini və onların əsas xassələrini öyrənməyə başladılar. Həll etdiyi geoloji məsələlərin dairəsi genişləndikcə İGÜ-nun qüsurları üzə çıxmağa başladı və qazıma məlumatları ilə onun nəticələri arasında uyğunsuzluqlar müşahidə olundu. Ona görə də İGÜ-nun tətbiqi məhdudlaşdırıldı, əks olan dalğalarla seysmik kəşfiyyat geniş tətbiq olunmağa başladı. Seysmik kəşfiyyatda əks olan dalğaların tətbiqi o zaman mümkün oldu ki, partlayışdan sonra Yer səthinə gələn zəif intensivlikli əks olan dalğaların qəbulu və yazılması üçün metodiki və texniki vasitələr işlənib hazırlandı. Əks olan dalğaların nəzəri və texniki əsaslarının keçmiş SSRİ-də əməli tətbiqi V.S.Vayutskiy tərəfindən 1923-cü ildə həyata keçirildi və o bu üsula patent aldı. Seysmik tədqiqatlar Q.A.Qamburtsevin başçılığı altında və L.A.Ryabinkinin iştirakı ilə inkişaf etdirildi. 1934-cü ildə onlar Baykal gölü yaxınlığında əks olan dalğaların ilk yazılışlarını almağa müvəffəq oldular. Elə həmin ildə əks olan dalğaların yazılışları E.A.Koridalin ilə S.İ.Masarski tərəfindən Başqırdstanda, S.F.Bolşix tərəfindən isə Embada alındı. Bu andan başlayaraq əks olan dalğalar üsulu (ƏDÜ) sürətlə təcrübi tətbiq tapdı və geofiziki kəşfiyyat üsulları içərisində aparıcı mövqe tutdu. Əks olan dalğaların izlənməsində korrelyasiya prinsiplərinin tətbiqi ilə əlaqədar olaraq, həmin illərdə seysmik qəbuledicilərin qruplaşması (V.S.Voyntski, A.Q.İvanov, E.Mak-Dermott və b.), tənzimlənən istiqamətlərdə həssaslıq sistemi (F.Riber), tənzimlənən istiqamətlərlə qəbul üsulları tətbiq olundu. İkinci dünya müharibəsi illərində keçmiş SSRİ-nin digər rayonlarında olduğu kimi Azərbaycanda da seysmik kəşfiyyat üsulları yüksək səmərəliliklə tətbiq edilmiş və elmi-metodiki tədqiqat işləri aparılmışdır. Bu işlərin nəticəsində bir neçə neft yatağı açılmışdır.