Avtomobil məlumat kitabında bir cilddə avtomobil mühəndislərinin praktiki iş fəaliyyətlərində gündəlik rast gəldikləri avtomobil nəqliyyatı üzrə ən vacib məlumatlar: avtomobil nəzəriyyəsi, avtomobillərin texniki parametrləri, istismar materialları (şinlər, yanacaq və yağlar), hərəkət təhlükəsizliyi və ekologiya, avtomobilin işıqlanma sistemi, avtomobil nəqliyyatı üzrə Azərbaycan Respublikası və dünya üzrə statistik göstəricilər və bir çox başqa məlumatlar toplanmışdır. Məlumat kitabı DYP-nin əməkdaşları, avtomobil nəqliyyatı üzrə mühəndislər, avtomobil ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub və çoxsaylı avtomobil həvəskarları üçün də maraqlı ola bilər.
Müasir dövrdə elm və texnikanın nailiyyətlərinin iqtisadiyyata geniş tətbiqi sayəsində digər nəqliyyat növləri ilə yanaşı, avtomobil nəqliyyatı da yüksək sürətlə inkişaf edir. Hazırda dünya nəqliyyat sistemində avtomobillərin sayı bir milyarddan çoxdur. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə avtomobil istehsalının inkişafı azsaylı monopolist konsernlərin istehsalata qoyduğu böyük vəsaitlərlə xarakterizə olunur. Buna görə də avtomobil istehsalı ilə ancaq geniş maddi imkanlara malik firmalar məşğul olur və avtomobil sənayesinin inkişafı dərin rəqabət prinsipinə əsaslanır. ABŞ-da avtomobil istehsalının 90%-ə qədəri üç böyük korporasiya – Ceneral Motors, Ford Motor və Chrysler Group tərəfindən buraxılır. Üç Yapon firması (Toyota Motor, Nissan Motor, Honda Motor) ölkənin avtomobil istehsalının 80%-ni təmin edir. Almaniyada üç böyük firma: Volkswagen Group, BMW Group və Daimler Benz avtomobillərin və avtomobil məhsullarının 75%-ni istehsal edir. Fransada ölkənin avtomobil istehsalının 80%-i PSA Peugeot Citroen və Renaultun payına düşür. Avtomobil istehsalı prosesində müasir texnologiyaların tətbiqi ilə əlaqədar olaraq buraxılan avtomobillərin sayı və keyfiyyəti yüksək templə artır. Belə bir artımın olması avtomobillərin çoxtərəfli xüsusiyyətlərinin hərtərəfli tədqiqini tələb edir. Avtomobil nəqliyyatı yük və sərnişin daşınmalarının yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb etməklə müxtəlif ərazilərdə yaşayan insanların sosial-iqtisadi, mədəni, elmi və mənəvi səviyyələrinin mübadilə olunmasında, insanların şəxsi dostluğunun yaranmasında, nəticədə ölkələr arasındakı əməkdaşlığın inkişafında və s. böyük əhəmiyyət daşıyır. Göstərilənlərlə yanaşı, avtomobilin yüksək təhlükəli sürət hədlərində idarə edilməsi və yol nəqliyyat hadisələrinin baş verməsi, milyon tonlarla yanacaq sərfi, ətraf mühiti zərərli maddələrlə zəhərləməsi, səs-küyü, silkələnmədən yaranan rəqsləri, elektromaqnit şüalanmaları və bu kimi əsas xassələri tələb edir ki, yeni layihələrdə müxtəlif istismar xüsusiyyətləri yenidən nəzəri tədqiq olunsun və daha keyfiyyətli istismar xassələrinə malik olan avtomobillər yaransın. Avtomobil nəqliyyatı vasitələri üzrə təqdim olunan bu məlumat kitabı öz məzmununa və formasına görə Respublikamızda ilk təcrübədir. Kitabın birinci bölməsində avtomobil nəqliyyatı hərəkət tərkibinin təsnifatı, əsas texniki parametrlərinin anlayışları, istismar xüsusiyyətləri nəzəriyyəsinin mütəxəssislərə gündəlik fəaliyyətdə faydalı ola biləcək məlumatları verilir. Kitabın ikinci əsas bölməsi cədvəllər şəklində tərtib olunub və bu cədvəllərdə dünya avtomobil sənayesinin istehsal etdiyi avtomiobillərin texniki xarakteristikaları verilir. Bu texniki xarakteristikalar istehsalçı zavodların 2007- ci il üçün təqdim etdiyi məlumatlara görə hazırlanmışdır. Kitabın üçüncü bölməsində avtomobil nəqliyyatı üzrə ən müxtəlif sahələri əhatə edən sorğu materialları verilir. 2 Avtomobil nəqliyyatı sürətlə inkişaf etdiyindən müəlliflər də bu məlumat kitabını mütəhərrik, məzmunca daim yeniləşən dinamik bir formatda görürlər. Bu gün üçün isə təqdim olunan bu məlumat kitabı yuxarıda qeyd olunan istiqamətlərdə həll olunacaq məsələlər üçün ilkin mənbələrdən biri hesab oluna bilər. Müəlliflər bu məlumat kitabı barədə öz qeydlərini göndərəcək alim, mütəxəssis və digər oxuculara əvvəlcədən öz minnətdarlığını bildirir