Yeni üslubda asanlaşdırılmış Qurani-Kərim dərsliyi. Dərslikdə ərəbcə sözlərin oxunuşu və 900 sözün mənası verilmişdir. Kitabla müəllimsiz Qurani Kərimi müəəyyən qədər öyrənə bilərsiniz. Kitab Azərbaycan Respublikası Dini Qurumlar İş Üzrə Dövlət Komitəsinin DK 159/İ saylı 29 fevral 2016-cı il tarixli məktubunda göstərilmiş razılıq əsasında çap olunmuşdur.
Quran, Allah (c.c) tərəfindən insanların hidayəti üçün göndərilən son İlahi kitabdır. Allah (c.c), Hz. Muhəmmədə (s) bir tərəfdən nazil etdiyi vəhyi insanlara təbliğ etmə əmrini vermiş, diğər tərəfdən isə Onun vəzifələri arasında bu müqəddəs kitabı insanlara öyrətmək işinin də olduğunu bildirmişdir. Yəni, bir bəşər olaraq ilk Quran müəllimi Hz. Məhəmmədin (s) özüdür. Allahın (c.c) kitabını möminlərə öyrədən Hz. Muhəmməd (s) eyni zamanda onları bu işə təşviq etmiş, tez-tez Quran öyrənən və öyrədənlərin Allah (s) nəzərindəki məqamından bəhs etmişdir. Hz. Muhəmmədin (s) vəfatından sonra bu işi Onun səhabələri öz öhdəsinə götürmüşdür. Müsəlmanlar tərəfindən fəth olunan bölgələrə gedərək, yeni iman gətirmiş insanlara İslamın əsas prinsipləri ilə yanaşı Quranı da öyrətməyə çalışmışlar. Səhabə dövründə artıq Quran öyrənməyə çalışan ərəblərlə yanaşı qeyri-ərəblərin sayı da artmağa başlamışdır. Səhabədən sonra Tabein və Təbəut-tabein nəsli Quran təliminə böyük önəm vermişlər. Quran təlimində Əhli-Beyt İmamlarının xüsusi yeri vardır. Müqəddəs Kitabı Hz. Məhəmməddən (s) sonra ən yaxşı biləni olan bu pak insanlar, həm özləri Quranı insanlara öyrətmiş, həm də tərəfdarlarına bunu tövsiyə etmişlər. İlahi Kitabın insanlara öyrədilməsinin savabını dərk edən sonrakı nəsillər bu missiyanı davam etdirmiş, Quran müəllimliyi zəncirinin bir halqası olmağa çalışmışlar. Müasir dövrdə bu səy davam etdirilir, Qiyamətə qədər bu iş Allahın (c.c) yardımı ilə kəsilməyəcəkdir. Tarix boyu müsəlman alimləri bir tərəfdən Quranı tələbələrinə öyrədərkən, digər tərəfdən isə təlim metodları üzərində çalışmış, xüsusi ilə əslən ərəb olmayanlara müqəddəs kitabı tez və rahat bir şəkildə öyrətməyin yolunu axtarmışlar və axtarmağa davam edirlər. Bakı İslam Universitetinin IV kurs tələbəsi Elnur Əliyev də Quran müəllimlərinin karvanına qoşulmaq üzrədir. İmanı və əxlaqı ilə yoldaşlarından seçilən bu əziz tələbəmizin Qurana xidmət üçün göstərdiyi səy təqdirə layiqdir. 4 Elnur Əliyevin, Quranın asan və müstəqil şəkildə öyrənilməsi məqsədilə hazırladığı bu “Qurani-Kərim dərsliyi” kitabı, ərəb əlifbasındakı hərflərin öyrədilməsi ilə başlayır. Daha sonra bu hərflərin kəlmənin müxtəlif yerlərindəki yazılışı göstərilmiş, hərəkə və digər işarələr kəlmələr üzərində göstərilərək tanıdılmış, Təcvid elminə aid mövzular izah edilmiş, hərflərin məxrəclərinə dair məlumatlar da təqdim edilmişdir. Müəllif son olaraq Qurana dair şəriət hökmləri ilə bu müqəddəs kitaba aid bəzi məlumatları da əlavə etmişdir. Kitabın sonunda isə Quranda işlənən 550 kəlmə, ümumilikdə isə doqquz yüzə yaxın kəlmənin mənası təqdim edilmişdir ki, bu da Quranın başadüşülməsinə az da olsa kömək edəcəkdir. Xülasə, Əziz Tələbimizi bu gözəl təşəbbüsündən ötrü təbrik edir, hazırladığı bu əsərin ölkəmizdə bir ilk olduğunu qeyd etməklə yanaşı, mövcud boşluğu doldurmaq məsələsində önəmli addım sayıla biləcəyinə inanıram.