Müəllim peşəsi müqəddəs, şərəfli və lazımlı peşədir. Lakin müəllimlik peşəsini seçənlərin bu peşəyə yanaşması heç də ürəkaçan deyil. Orta və ali məktəb tələbələri arasında pedaqoji peşəyə maraq göstərənlər azdır. Pedaqoji peşənin etibarını və şərəfini qorumaq lazımdır. Bunun üçün orta və ali məktəblərdə müəllimlik peşəsi üzrə meslekyönlendirme işlərinin gücləndirilməsi günün gerçəkliyidir. Qızlar və xüsusilə oğlanlarda pedaqoji peşə sahəsinə maraq tərbiyə edilməlidir.
Bildiyimiz kimi, insan şəxsiyyətinin hərtərəfli inkişaf etdirilməsində bədən tərbiyəsi və idman xüsusi yer tutur. Bədən tərbiyəsi cəmiyyətin məqsəd və vəzifələrinin həyata keçirilməsinə uyğun olan insan mədəniyyətinin tərkib hissəsi kimi ən geniş anlayışdır. Çünkü o, insanların fiziki kamilliyi üçün tarix boyu idman sahəsində qazanmış olduğu bilik, bacarıq və vərdişlər üzrə bütün nəzəri və təcrübi nailiyyətləri özündə cəmləşdirir. Bədən tərbiyəsi, eləcə də mühüm hərəki vasitə və metodlar toplanmış təcrübəni tələbələrdə fiziki tərbiyə, fiziki inkişaf, fiziki təhsil və fiziki kamillik yönəmində tətbiq etməklə onların inkişafına və şəxsiyyət kimi hərtərəfli və ahəngdar təkmilləşmələrinə və formalaşmalarına müsbət təsir göstərir. Başqa sözlə, tələbənin zehni inkişafına kömək edən mühüm vasitələrdən biri də bədən tərbiyəsidir. Çünki zehni və fiziki inkişaf arasında sıx əlaqə vardır. Yəni insan orqanizminin fiziki inkişafı onun müvafiq olaraq əqli və s. psixi funksiyalarının formalaşmasını tələb edir. Qeyd edildiyi kimi, bədən tərbiyəsi görmə və eşitmə kimi duyğu üzvlərinə, qavrayışa, diqqətə, iradəyə və eləcə də, təfəkkürə müsbət təsir göstərir, bilik, bacarıq və vərdişləri inkişaf etdirir. Fiziki hərəkətlərin icrası tələbələrin duyğu üzvlərinin inkişafına səbəb olur. Bədən tərbiyəsi ilə məşğul olarkən beyin tərəfindən qəbul olunmuş müxtəlif hisslər onun fəallığının artmasına və işgörmə qabiliyyətinin yüksəlməsinə kömək göstərir, həmçinin tələbələrdə vətənpərvərlik və beynəlmiləlçilik hisslərinin tərbiyə edilməsində də az rol oynamır. Bədən tərbiyəsi dərslərinin düzgün təşgili, eyni zamanda tələbələrdə şüurlu intizamın yaranmasına da səbəb olur. Bu nöqteyi-nəzərdən ali məktəblərdə bədən tərbiyəsi dərslərinin səmərəli tədrisi az əhəmiyyət kəsb etmir. Çünki tələbələrdə bədən tərbiyəsi və idman üzrə bilik, bacarıq və vərdişlərin formalaşmasının təməli məhz bədən tərbiyəsinin tədrisi prosesində qoyulur, möhkəm xarakter formalaşır. Vətənpərvərlik, beynəlmiləlçilik, əməyə məhəbbət duyğusu, estetik zövq bədən tərbiyəsi dərslərinin və məşğələlərinin təsiri altında inkişaf edir. Buna görə də, ölkəmizda təhsilin inkişafı sahəsində qəbul olunan qərarlarda ali məktəblərdə bədən tərbiyəsi işini daim təkmilləşdirmək, onun forma və metodlarını zənginləşdirmək, tədrisin səmərəliliyini yüksəltmək ciddi tələb olunur.