Qız de Konflan familiyasını daşıyan qocalmış dul arvad Voke qırx ildən bəridir Parisdə Latın məhəlləsi* ilə Sen-Marso qəsəbəsi* arasındakı Nev-Sent-Jenevyev küçəsində bir ailə pansionu saxlayır. Pansion “Vokenin evi” adlanır və onun qapısı hamı üçün – gənclər və qocalar, qadınlar və kişilər üçün açıqdır; buna baxmayaraq, bu mötəbər pansiondakı adətlər heç bir dedi-qoduya səbəb olmurdu. Ancaq düzünü desək, son otuz ildə buraya bir nəfər belə gənc qadının ayağı dəyməmişdi. Ancaq ata-anasından çox az kömək alan bir gənc burada məskən sala bilərdi. Lakin 1819-cu ildə, yəni bu faciə başlandığı zaman pansionda yoxsul gənc bir qız yerləşmişdi.