O, indi dünyada əsərləri ən çox nəşr olunan və oxunan 10 yazıçıdan biridir. Avropalılar onu “Avropaya roman yazmağı öyrədən yazıçı” adlandırdılar, əsərləri onlarla ədəbi mükafata, o cümlədən, 2006-cı ildə Nobel mükafatına layiq görüldü. “Qara kitab” (1990) romanı dünyanı heyrətə saldı. “Mənim adım Qırmızı” romanı Avropada son qırx ilin ən yaxşı romanı sayıldı. “Məsumiyyət uzeyi” tez bir zamanda oxucuların qəlbini fəth etdi. “Ən rəngli və qorxulu romanım” adlandırdığı “Mənim adım Qırmızı” əsəri Osmanlı dövlətində naxış və nəqqaşlıq sənəti haqqında heyrətamiz hekayətdir. Bu, bütün olub-keçənlərə baxmayaraq, “mən türk yazıçısıyam” deyən Orxan Pamukdur.
Məşhur türk yazıçısı, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun “Mənim adım Qırmızı” romanında 1591 -ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir. Roman bir çox məziyyətləriylə yanaşı, Nizaminin əsərlərinə çəkilmiş miniatürlər, böyük rəssam Kəmaləddin Behzadın misilsiz əsərləri, ümumiyyətlə, nəqqaşlıq sənəti haqqında bənzərsiz hekayətdir. Kitaba yazıçının hekayəsi və sənədli nəsrindən parçalar da daxil edilmişdir.