Yaradıcılığa erkən yaşlarından başlayan ingilis nasiri, dramaturqu, esseisti və ədəbi tənqidçisi Uilyam Somerset Moem (1874-1965) diplomat ailəsində doğulmasına, tibb təhsili almasına baxmayaraq, 1897-ci ildə dərc olunan “Lambetli Liza”, adlı ilk kitabıyla özünə yazıçı taleyi seçmiş və dünya ədəbiyyatına “Ledi Frederik” (1907), “Sadiq arvad” (1927), “Teatr” (1937) və s. kimi qiymətli incilər bəxş etmişdir. Aydın dil, maraqlı süjet seçimi, yaratdığı obrazların reallığı-Moem yaradıcılığına xas olan cəhətlərdir. Bu kitabda Moemin “Teatr” romanı, “Sadiq arvad”, “Ledi Frederik” pyesləri, eləcə də “Tüksüz Meksikalı”, “Məqsədli izdivac”, “Luiza” və “Meyhyu” novellaları Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.