Məni mütləq xatırlamağını istəyirəm
O vaxt mənim 37 yaşım vardı, Boinq 747-nin sərnişin kürsüsündə oturmuşdum. Get-gedə yüksəkliyi azaldan nəhəng təyyarə qalın qara buludları yara-yara yerə enmək istəyirdi. Soyuq noyabr yağışı torpağı isladaraq tutqun rəngə boyamışdı və yağmurluq geyinmiş texniki personal, çılpaq qaya kimi ucalan aeroport binasının üzərində dalğalanan bayraqlar, BMV-nin reklam lövhələri və başqa əşyalar flandriya üslubundakı rəsm əsərlərinə oxşayırdı. “Hə, deyəsən, yenə Almaniyadayıq” - düşündüm.
Təyyarə enən kimi “Siqaret çəkmək qadağandır!” yazılmış lövhələr söndü, bortdakı səsucaldanlardan ətrafa yavaş, aram musiqi sədaları yayıldı. Hansısa orkestr həvəslə “Bitlzln “Norwegian Wood”unu çalırdı. Həmişə olduğu kimi, bu dəfə FM- də melodiya başımı gicəlləndirdi. Yox, əslində, beynimin içi həmişəkindən bərk silkələndi. Mənə elə gəldi ki, bu dəqiqə beynim partlayacaq, ona görə də, bütün əzələlərimi sıxaraq, başımı əllərimin arasına aldım və tərpənməməyə çalışdım. Bir azdan alman qızı stüardessa yaxınlaşaraq, ingiliscə mənə nə olduğunu soruşdu. Dedim ki, hər şey yaxşıdı, eləcənə yüngül başgicəllənməm var.