Patris Merso səlis addımlarla Zaqreyin villasına tərəf irəliləyəndə səhər saat on idi. Bu vaxtlar dalandar qadın bazara gedir, ev nəzarətsiz qalırdı. Aprel ayının çox gözəl, parlaq və soyuq bir yaz səhəri idi. Səmanın buz kimi tərtəmiz maviliyində gözqamaşdıran, ancaq isitməyən böyük Günəş yanırdı. İşıq seli villa ətrafında təpələrdə bitən piniyaların gövdəsi boyunca yayılırdı. Çöllükdən keçən yol azacıq yoxuş idi. Mersonun əlindəki çamadanın dəstəyi onun donmuş yoldakı addımlarının quru xışıltısının taktına uyğun aramla cırıldayırdı. Xoş bir səhər idi.
Villaya uzanan yol skamyalar qoyulmuş və çiçək ləklərilə bəzədilmiş bir meydançaya çıxırdı. Faraş ətirşah gülləri boz əzvaylar içərisində qızarır, göy maviyə çalır, əhəng çəkilmiş hasarlar ağarırdı; bütün bunlar o qədər təzətər, o qədər körpə bir təravətlə işıqlanırdı ki, Merso Zaqreyin villasına doğru üzüaşağı irəliləməmişdən əvvəl qeyri-ixtiyari addımlarını yavaşıtdı. Darvazanın yanında ayaq saxlayıb əlcəkləri geyindi. Əlil ev sahibinin heç vaxt bağlamadığı qapını açdı və təbii ki, arxasınca bağladı. Dəhlizlə irəliləyib, soldan üçüncü qapıya çatanda qapını döydü və içəri keçdi. Zaqrey harada olmalıydısa, oradaydı, iki gün bundan qabaq buxarının qabağında Mersonun oturduğu kreslodaydı. Kəsilmiş qıçları böyük yun şalla örtülmüşdü. O, gözlərini zilləyib qarşısına qoyulmuş kitabı oxuyurdu. Qapının ağzında donub qalmış Mersonu görəndə onun yumru gözlərində heç bir təəccüb görünmədi. Pəncərələrin pərdələri açılmışdı, hər tərəfdə — döşəmədə, divarlarda, mebellərin küncündə günəş şüaları oynayırdı. Pəncərə arxasında, zərli və soyuq torpaq üstündə səhərin üzü gülürdü. Böyük, qəlbi üşüdən bir fərəh, quşların güclü və inamsız səsi, amansız gur işıq seli — bütün bunlar səhərə bir bakirəlik və xalislik görünüşü verirdi. Merso donub qaldı, otaqda hökm sürən boğanaqdan onun nəfəsi tıncıxdı və qulaqları tutuldu.