Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrinsə hər biri özünə görə ayrı cür bədbəxtdir.
Oblonskilərin evində aləm bir-birinə dəymişdi. Arvad ərinin onların evində mürəbbiyəlik etmiş fransız qadınla əlaqədə olduğunu öyrənmiş və ərinə bildirmişdi ki, daha onunla bir evdə yaşaya bilməyəcək. Üç gündən bəri davam edən bu vəziyyət həm ərlə arvada, həm ailənin bütün üzvlərinə, həm də xidmətçilərə əzab verirdi. Bütün ailə üzvləri və xidmətçilər hiss edirdilər ki, artıq onların birgə yaşamalarının mənası yoxdur və hər hansı bir karvansarada təsadüfən qarşılaşmış adamlar bir-birilərinə onlardan – Oblonskilərin ailə üzvlərindən və xidmətçilərindən daha çox bağlıdırlar. Arvad öz otağından çıxmırdı, ər isə üç gün idi ki, evə gəlmirdi. Uşaqlar məyus halda evdə oyan-buyana qaçırdılar; ingilis qadın təsərrüfat müdirəsiylə dalaşmış və rəfiqəsinə məktub yazıb xahiş etmişdi ki, ona təzə iş yeri axtarsın; aşpaz hələ dünən nahar vaxtı həyətdən çıxıb getmişdi; mətbəxdə işləyən qadın və arabaçı son haqq-hesablarını istəyirdilər.
Mübahisədən üç gün sonra knyaz Stepan Arkadiç Oblonski – kübar aləmdə onu Stiva çağırırdılar – adət etdiyi saatda, yəni səhər saat səkkizdə arvadının yataq otağında yox, öz kabinetində, tumac divanda yuxudan ayıldı. Sanki yenidən doyunca yatmaq istəyirmiş kimi, öz dolu, yaxşı bəslənmiş bədəniylə yaylı divanda böyrü üstə çevrildi, üzünü bərk-bərk qucaqladığı balışa basdı; lakin birdən yerindən sıçradı, divanda oturub gözlərini açdı.