Dünya ədəbiyyatının incilərindən hesab olunan - Kimyagər (port. O Alquimista ). Brazilyalı qələm sahibi Paulo Koelyo (org. Paulo Coelho ) tərəfindən 1988-ci nəşr etdirilən roman bu gün ölkəmizdə də geniş oxucu kütləsi tərəfindən sevilib oxunan əsərlərdən biri hesab olunur. Əsərin nəşri ilə Coelho XX əsrin sonlarının ən çox oxunan çağdaş yazıçılarından birinə çevrildi. 42 ölkədə çap olunan və 26 dilə tərcümə olunan roman öz dövrünə görə bənzərsiz bir uğura imza atdı və bu əsərin çapı ilə Paulo Koelyo Latın Amerikasında Gabriel Garcia Marquezdən sonra ən çox oxunan müəllif oldu.
Kimyagər: Əsərimizin baş qəhrəmanı İspaniyada - Əndəlüsdə yaşayan çoban Santiagodur. Çoban olmamışdan öncə atası onun rahib olmasını və kilsədə xidmət göstərməsini istəyir. Amma o, rahib olaraq bir yerə bağlı olmaq və qapanmaq istəməz. Fərqli yerləri və fərqli insanları tanımaq və görmək istədiyini atasına bildirər. Atası ilə etdiyi söhbət sonrası ata oğlu ilə razılaşır və ona bir miqdar pul verərək “Bu pullara qoyunlar al və çobanlıq et” deyir. Əslində romanın giriş hissəsi bu şəkildə başlayır və daha sonra atası ilə olan söhbəti önə çəkilir. Sürüsünə çox bağlı olan qəhrəmanımız qoyunları ilə biri-birilərini başa düşdüyünü düşünür və özünü artıq məqsədinə çatmış hesab edir. Çoban azad ruhlu biridir və göy üzü hər gecə alovlandırdığı atəş ilə onun yorğanı olmuşdur.
Aradan bir müddət keçdikdən sonra qoyunların yunlarını qırxdırıb satmaq üçün şəhərə enər. Bir dükana daxil olaraq öz növbəsini gözləyir. Bu zaman ona bir qız yaxınlaşır və söhbət etməyə başlayırlar. Bu qız qoyunlarının yununu satmaq istədiyi şəxsin qızıdır və onunla söhbəti Santiagonun xoşuna gəlir. Ona həyatından və oxuduğu kitablardaki hekayələrdən bəhs edir. Lakin qız çox təəccüblənərək “Oxumağı bacarırsınız” deyə çobana sual verər.
Romanın məzmunun yarısına çatmışıq və tək gözə çarpan məqam müəllifin oxumaq bacarığının təəccüblü bir şey olduğuna və hamının bu bacarığa sahib olmamasına vurğu etməsidir.
Qız aşırı dərəcədə təəccüblənmişdir.. “Siz bir çobansınız oxumağı necə bacarırsınız?” deyə yenidən sual verir.
Əsərin növbəti hissəsində çoban bankda otururaraq növbə gözləyərkən yanında oturan insan haqqında “Görəsən oxumağı bacarırmı?” deyə düşünür.
Santiago qıza vurulur. O gün qoyunların yununu qırxdıqdan sonra dükan sahibi Santiagoya bir il sonra yenə gəlməsini söyləyir. Çobanımız dükandan ayrılır, amma ağlı dükan sahibinin qızında qalmışdır. Bir il sonra həmin gün dükana getməsi üçün səbirlə gözləyir.
Və günlər bir-birini əvəz edir. Santiagonun yenidən şəhərə enib dükana getməsinə son 3 gün qalmışdır. Hazırlıqlarını tamamlamaq və yeni kitab almaq üçün şəhərə enməyi qərara alır. Bu sırada bir yuxunu iki dəfə görməsi onu təsirləndirərək düşündürür.
Bu yuxunu yuxu yozan bir qaraçı qadına danışmaq istəyir. Qadın pulu başdan istədiyinə görə çoban peşimançılıq çəkir.Yuxusunu qadına danışdıqda isə qadın ona “Yaxşı yuxunu yozmaq üçün səndən pul istəmirəm, amma yozduqdan sonra xəzinəni tapsan 10%-ni mənə verəcən” deyir. Santiago yuxusunda piramidalar olduğunu və orada bir insanın ona kömək etməsindən sonra xəzinəyə sahib olduğunu xatırlayır.
Qadının yanından ayrılan Santiago bütün bunların oyun olduğunu düşünür. Bir bankda oturaraq kitabını mütaliə etməyə başlayır. Yanına yaşlı bir kişi əyləşir. Yaşlı şəxs ona nə oxuduğunu sual verərkən və kitabın adını oxumağa çalışarkən Santiago ona hirslənir. Sonradan bu insanın varlı bir kral olduğunu öyrənir. Kral ona çobanın başına gələnləri nağıl etdikdə Santiago çox təəccüblənir. ”Mənim bütün həyatımı necə bilə bilərsən?” deyə yaşlıya sual verir. Bu zaman yaşlı ona xəzinənin axtarışına çıxmasını, hər kəsin həyatda bir məqsədi olduğunu, hər şəxsin də bu məqsəd üçün mübarizə aparmasının mütləq olduğunu söyləyir və bir çox məsləhətlər verir. Çoban ilk öncə inanmaq istməsə də ona bu qədər məlumatı necə bildiyini sual edir. Bu zaman yaşlı insan ona çantasını açaraq biri ağ və biri qara rəngdə olan iki kiçik daş verərək bu daşların ən çətin anlarında çobana yol göstərəcəyini söyləyir. Santiago artıq seçim qarşısındadır. Ya eyni həyatı yaşamağa davam etməli, ya da yaşadığı yeri, qoyunları, aşiq olduğu və bəlkə də gələcəkdə evlənəcəyi qızı qoyaraq xəzinənin ardınca getməlidir.
Roman boyu Santiagonun bu cür çətin seçimlər qarşısında qaldığını və bu sırada ağlı ilə ürəyinin fərqli cəbhələrdə durduğunun şahidi oluruq.
Əsərdə, Şərq fəlsəfi fikrində altından xətt çəkilən “vəhdəti-vücud” dünyagörüşünün bədii təcəssümü kimi, insan təbiətin bir parçası olduğu canlı boyalarla ifadə olunub. Heçnəyin təsadüf olmaması, hər bir hadisənin, sözün, uğur və uğursuzluğun bir əlamət olması romanın əsas qayəsini təşkil edir. Əgər insan bu əlamətləri anlayarsa və öz yolunu davam etdirərsə o zaman o bütün məqsədlərinə nail olar. Ümumiyyətlə, inam və inadla həqiqətə çatmağın mümkünlüyünü ifadə edən “Kimyagər” əsərində Şərq fəlsəfəsi, dünyagörüşü və həyata yanaşılması tərəfindən ustalıqla işlənib. Müəllif böyük həqiqətləri bədii və canlı obrazların içində verdiyindən, roman çox oxunaqlıdır: geniş oxucu auditoriyasına hesablanan bu kiçik həcmli əsəri qızıl axtarışına çıxan Santiagonun başına gələn macəralar, misi qızıla çevirməyi bacaran kimyagərlərin böyük elmi haqda bilgi, fövqəlqüvvələrin insan həyatında oynadığı rolu görmək kimi də, böyük fəlsəfi fikirlərin ifadəsi, insanın təbiət hadisəsi çevrilməsinə qədər mükəmməlləşməsi, əsl sevgi romanı və.s kimi oxumaq olur.
Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər.
“İnsanın yeganə həqiqi borcu- öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır...”