KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Uilyam Qoldinq - Seçilmiş əsərləri


Şeçilmişlər Uilyam Qoldinq - Seçilmiş əsərləri

Uilyam Qoldinq - Seçilmiş əsərləri PDF
ADI:
Seçilmiş əsərlər
REYTİNQ:
  • +19
DİL:
FORMAT:
ÇAP İLİ:
2010
ÖLÇÜSÜ:
3.3 MB
İkinci Dünya müharibəsinin od-alovundan keçmiş, çox şeyləri öz gözləriylə görmüş Qoldinq “Milçəklər kralı” əsərində, sözün dar mənasında götürülərsə, belə bir suala cavab vermək istəyir: “Yüksək mədəniyyətə malik olan qədim bir xalq (alman xalqı nəzərdə tutulur) necə olub ki, başçı adlanan bir nəfərin (Hitler nəzərdə tutulur) əmriylə öldürməyə, yandırıb dağıtmağa, hər şeyi məhv etməyə hazır olan vəhşilər qəbiləsinə çevrilirdi və bu hadisə illər boyu davam edirdi?” Sözün geniş mənasında isə “Milçəklər kralı” pritçasında Qoldinq immanent insan bədxahlığı fenomenini tədqiq edir. Amma bu heç də o demək deyil ki, Qoldinq insanda yalnız bədxahlıq görür. O hesab edir ki, insan ikili xarakterə malik olan geniş əhatəli və paradoksal bir varlıqdır, o həm qəhrəmandır, həm də xəstə.
İnsan bədxahlığına səbəb atavizm nəticəsində insan evol-yusiyasındakı aralıq dövrün özünü göstərməsidir, o dövrdə neandertal insanın primitiv şüuru arxada qalmışdı, altruizm erası - ictimai-individual şüur, ümumbəşəri əxlaq normaları isə hələ formalaşmamışdı. Keçid dövrü üçün xarakterik cəhət tutqun qəbilə şüurunun üstünlük təşkil etməsidir. O dövrdə insan özünü bir şəxsiyyət kimi dərk etməmişdi, əxlaq normaları haqda təsəvvürləri yox dərəcəsindəydi, o səbəbdən də onun hərəkətlərini hələ yetkinləşməmiş ağılı üstələyən instinktiv heyvani başlanğıc idarə eləyirdi.
“Milçəklər kralı” romanındakı personajların yaşca böyüyünün on iki yaşı təzəcə tamam olub, ən kiçiyi isə lap balacadır, hələ nə istədiyini bilmir, bilsə də, fikrini sözlə ifadə etməkdə acizdir, bir az bərkə düşən kimi ağlayıb: “Mən anamı istəyirəm, evimizə getmək istəyirəm”, - deyir.
Beləliklə, ən böyüyü on iki yaşında olan bir dəstə ingilis uşağı təyyarə qəzası nəticəsində okeandakı hansısa uzaq tropik adaya düşür. Uşaqlardan bir neçəsi hesab edir ki, böyüklər onları axtarıb tapacaqlar və bir müddətdən sonra evlərinə qayıda biləcəklər. Tropik adanın dörd tərəfi dənizdir, isti iqlimi, meyvəli ağacları, çimmək və əylənmək üçün əla şəraiti var. Sonra məlum olur ki, meşədə vəhşi donuzlar da var və onları ovlayıb ət əldə etmək olar... Belə bir şəraitdə bir müddət yaşayıb evə qayıdacaqları günü gözləmək məcburiyyətində qalan bu uşaqlar öz xilas günlərini yaxınlaşdırmaq üçün bir iş görməliydilər. Ocaq qalayıb onu sönməyə qoymamalıydılar ki, okean sularında üzən gəmilər onların verdiyi siqnalı - ocaq tüstüsünü görə bilsinlər. Adadakı yaşayışlarını sahmana salmaq üçün uşaqlar öz aralarından bir nəfəri - yaşca böyük olan Ralfı başçı seçirlər. Amma adaya qədərki həyatında kilsə xorunda oxumuş Cek adlı oğlan bundan narazı qalır, çünki özünü başçılığa daha layiqli namizəd hesab eləyir. Əsas ziddiyyət də bundan başlayır.
“Milçəklər kralı” romanından dərhal sonra 1955—ci ildə yazılmış “Varislər” romanını Qoldinq özü “tarixəqədərki roman” adlandırmışdı. Romanı yazmaqda məqsəd heç də insanın lap qədim dövrlərdə yaşamış əcdadlarının obrazını yaratmaq deyil. Bəşər tarixini öyrənən elmi konsepsiyalardan birinə görə, inkişaf düz xətt boyunca dayanmadan ibtidaidən aliyə, heyvandan insana doğru gedən proses olmuşdur. “Varislər” əsərində Qoldinq göstərmək istəyir ki, inkişaf xəttində bəzən qırılmalar baş verib, inkişafın hər yeni mərhələsində neqativ elementlər olub, hətta inkişaf ləngiyibdir.
“Varislər” romanında Qoldinq neandeıtal insanın məişəti, odu necə əldə etməsi və qoruyub saxlaması, fərdlərin qəbilə daxilində bir-birinə münasibəti, qəbilə üzvləri arasında iş bölgüsü və digər vacib məsələlərə toxunur. Qəbilə başçısının tapşırığı müzakirə oluna bilər və daha düzgün variant təklif olunarsa, qəbul da oluna bilər. Amma əgər tapşırığı müzakirə etmək imkanı yoxdursa, qəbilə başçısı öz qərarını dəyişməkdən imtina edərsə, onda onu yerinə yetirmək lazımdır, çünki belə deyilib və əgər söz deyilibsə, onu yerinə yetirmək lazımdır.