KitabYurdu » Kitab » Dünya Ədəbiyyatı » Amin Maalouf - "Leon Afrikalı" əsəri ilə tanışlıq və qısa məzmunu


Şeçilmişlər Amin Maalouf - "Leon Afrikalı" əsəri ilə tanışlıq və qısa məzmunu

ADI:
Leon Afrikalı
REYTİNQ:
  • +3
MÜƏLLİF:
DİL:
FORMAT:
 “Leon Afrikalı” əsəri (bəzi mənbələrdə Afrikalı Leo) Liviyalı yazıçı Amin Maaloufun yaradıcılığının ilk zirvəsidir. Əsər ilk dəfə 1986-cı ildə fransız dilində nəşr olunmuşdur. Həmin ildədə Fransız-Ərəb Dostluğu Mükafatına layiq görülən əsər, gündəlik xatirə şəklində yazılmışdır. 1489-cu ildə Qranadada dünyaya göz açan Həsən El-Wazzan,1488-ci ildən, 1529-cu ilə qədər hər il, öz başına gələnləri, yaşadıqlarını, valideyinlərindən eşitdiyi öyrəndikləri tarixi hadisələri ilə birlikdə xatirə şəklində yazaraq oğluna vəsiyyət etmişdir. Əsər, səyyah olan Həsənin gəzdiyi şəhərlərə uyğun olaraq 4 hissədən ibarətdir: Qranada, Fas, Qahirə və Roma. Maalouf, tarixi bir şəxs olan diplomat, coğrafiyaşünas və səyyah Həsənin gündəliklərindən faydalansa da, haqqında çox informasiya mövcud olmadığından bir çox tarixi hadisə və şəxslərə (Roma papaları, Krallar və Osmanlı sultanları) əsərə bir növ rəng qatmışdır. Keçmişə səyahət və ən əsası dinin hökm sürdüyü kütlələrin həyat tərzləri haqqında təsəvvürün formalaşması oxucu üçün əvəzolunmaz hisdir və o dövrün müəyyən bir dinə təriqətin olduğu yerlərdə başqa bir dinə mənsub şəxsin, o şəhərin və ya ölkənin insanları ilə münasibəti və əlaqə qurmağa çalışmağı əyani olmasa da xəyalən çox gözəl təcrübədir. Əlbəttə ki, XXI əsrlə müqayisədə o dövrdə bunun öhdəsindən gəlməyin daha çətin olduğu aşkardır.
Hər bir fərd inancları vasitəsi ilə həyata bağlanır. Bu inanc istər sadəcə bir Tanrıya, istər dinə və ya adət-ənənələrə, bir fəlsəfi görüşə, sevgiyə, dostluğa qarşı və s. və i. olması mümkündür. Sadaladıqlarımızı daha da  uzatmaq olar, lakin həyatda yaşamaq və ən əsası öz inanclarımızla var olmaq istəyimizin gücü o qədər çoxdur ki, tolerantlıq və məntiqi düşünməni çox vaxt istər şüuraltı istərsə də bilərək gözardı edirik və mədəniyyəti, inancı fərqli olsa da qarşımızdakı insandan öyrənə biləcəklərimizə laqeyd yanaşıb onun da bizdən biri olduğunu unuduruq. Yenə də bir çoxumuz üçün “bizdən biri” ifadəsi sadəcə qarşımızdaki insanın eyni inanc və mədəniyyətə sahib olduğu zaman keçərli olur. Bu yerdə əsərdən bir neçə sətir qeyd edərək nəyə diqqət etmənizi başa düşmənizi istərdik:
“Mən, Həsən, qapançı başı Məhəmmədin oğlu. Mən, Giovanni Leone de Medici; bir bərbərin sünnət etdiyi, bir papanın xaç suyuna saldığı mən. Mənim Ərəbcə, Türkcə, Kastilya dili, Bərbəri dili, İvrit dili, Latınca və küçə şivəsiylə İtalyanca danışdığımın şahidi olacaqsınız. Çünki, bütün dillər və dualar, mənim dillərim və mənim dualarımdır, ancaq mən heç birinə məxsus deyiləm. Mən sadəcə Allaha və dünyaya aidəm və çox yaxın zamanda yenidən onlara qayıdacağam.”
Əsərdə səyyahın fərqli mədəniyyətə, fikirlərə və dinlərə sahib şəhərlərdə olması bizləri, yəni oxucuları mədəniyyət çaxnaşmasının düz mərkəzinə aparır. Lakin, burada Leon Afrikalı, ümumişləşdirilmiş bir insan obrazı görüntüsü versə də, öz düşüncə tərzi, həyat tərzi, hissləri ilə bir fərddir. İstər Xristian dünyasında istərsə İslam aləmində hər zaman öz azad iradəsi ilə seçimini etmiş və ağlı ilə, tolerans və mədəni duruşu, dostluğu ilə hər çətin vəziyyətin öhdəsindən gələ bilmişdir. Çünki, Afrikalı Leon, öz azad iradəsindən agahdır. Seçimlərinin, fikirlərinin onun həyatına istiqamətləndirə biləcəyini çox gözəl başa düşür. Buna görə də o, görüşlərini hər hansı bir çərçivə ilə sərhədləmir. Həsəni ucaldan, öz şəxsiyyətini çoxluq qarşısında tapdalamamasıdır. Dini və irqi fərqi qoymayaraq, səni sən olaraq qəbul etmədikdən sonra səni itirməyi də nəzərə almalıdırlar. O məhz bu fikrin sahibidir.
Doğrusu, Həsən hər dəfə fərqli şəhərlərə səyahət edəndə, onun həqiqətən bir səyyah olub-olmaması sualı bizi düşündürdü. Çünki şərtlər, baş verən siyasi hadisələr və dövrün biznes dünyasında baş verən dəyişikliklər onu hər dəfə səyahət etməyə məcbur edirdi. İnsanın ruhu gəzəyən olmalıdır və ya qarşısına fürsətlərmi çıxmalıdır, yoxsa bəzi öhdəliklərmi onu səyyah etməlidir? Ancaq təbii ki, Həsənin bu vəziyyətdən narazı olmadığını, əksinə bundan həzz aldığını açıq şəkildə hiss edə bilirik.
Əsər din, mədəniyyət və tarix baxımından bir çox informasiya ilə zəngin olması ilə yanaşı süjet xətti çox axıcıdır. Dövrümüzün gənclərinin də səyahətə meylli olması səbəbi ilə onlar üçün əsəri oxumaq daha da asan olacaq. Bəzi nüansları çıxmaq şərti ilə kitab dünyasına yeni addım atan və “Hansı kitabları oxumalıyam?” sualına cavab axtaran oxucu gənclər bu əsəri rahatlıqla oxuya bilərlər.

Amin Maalouf - Leon Afrikalı əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1680-amin-maalouf-afrikali-leo.html