Məşhur italiyan jurnalist və yazıçı İtalo Kalvino 15 oktyabr 1923-cü ildə Kubada -Santiago de las Vegasda doğulmuşdur. Gənc yaşlarında Kubadan vətəni İtaliyaya geri dönən İtalo Kalvino, İkinci Dünya Müharibəsindən sonra İtaliyan mədəniyyətinin formalaşmasında böyük rola sahib olmuşdur. İlk əsərlərindən başlayaraq İtaliyada nüfuz qazanan Kalvino 1985-ci il 15 sentyabr tarixində beyin qanaxması nəticəsində Siena şəhərində dünyasını dəyişmişdir. Oxucular tərəfindən ən sevilən əsərləri “Vicdan“, “İlham Anı”, “İkiyə Bölünmüş Vikont“, “Şirniyyat Mağazasında Qarət“ əsərləridir. Bu gün isə “Bir Qış Gecəsi Ziyarətçisi“ əsərindən bir hissə ilə tanış olacayıq.
Bir Qış Gecəsi Ziyarətçisi: Prospektdə gəzərkən görünüşləri mənə müxtəlif səbəblərdən xoş olmayan insanlarla qarşılaşıram. Rəhbər vəzifədə olanlar mənə asılı halımı xatırladır. Teb edilmişlər iyrənc və bayağı halımı yadıma salır. Paxıllıq, yaltaqlıq və onların yaratdığı kinin bayağı olduğu kimi. Tərəddüd belə etmədən onları da, digərlərini də silirəm. Gözümün ucu ilə onların nazikləşərək yüngül dumanda necə yox olduqlarını görürəm.
Bu əməliyyat zamanı çox ehtiyyatlı olmalıyam və mənə tamamilə yad olan, məni heç vaxt qıcıqlandırmayan adi insanlara toxunmamalıyam. Əksinə, elə simalar var ki, onlara diqqətlə baxan zaman məndə səmimi maraq oyanır. Amma bir şey də var ki, əgər ətraf sadəcə yad adamlardan ibarət olsa, onda özümü tənha və rahatsız hiss edəcəm. Ona görə onları da silsəm yaxşıdır. Ona görə onları da silsəm yaxşı olar. Hamısını birdən. Hər şey də bununla qurtarsın.
Mənə xoş olan bir neçə insan var ki, sadələşdirilmiş dünyada onlarla görüşmək imkanım daha çoxdur. Məsələn, Fransiska mənim tanışımdır. Onunla olan hər görüşümüzə sevinirəm. Zarafatlaşırıq, gülüşürük, söhbətləşirik. Başqaları ilə bəlkə bunlar barədə söhbət eləməzsən, amma bizə maraqlıdır. Vidalaşan zaman mütləq tezliklə görüşmək ümidi ilə ayrılırıq. Həftələr, aylar keçir və biz yenə təsadüfən küçədə qarşı-qarşıya gəlirik. Sevinc dolu səslər, gülüşlər, yenidən görüşmək üçün növbəti verilən vədlər. . .
Lakin nə o, nə də mən bunun üçün əlavə qüvvə sərf etmirik. Çünki bilirik ki, onda hər şey gözlədiyimiz kimi olmayacaq. Bəlkə də hələ heç nəyin müəyyən olunmadığı, bəsitləşdirilmiş, daralmış dünyada Fransiska ilə tez-tez baş tutacaq görüşlər bizim münasibətlərimizə nəsə aydınlıq gətirə bilər... Bəlkə nigah bağladıq, yaxud da elə bir yerdə yaşamağa başladıq. Bu halda hər birimizin ailəsi, əcdadlarımız və törəmələrimiz, yaxın və uzaq qohumlarımız, dostlarımız və tanışlarımız, gəlirlərimiz və mülklərimiz birləşəcək. O zaman söhbətlərimizin üzərinə çökən ağırlıq və onları bir neçə dəqiqəyə qədər qısaldan şərtlər də yox olacaq. Fransiska ilə görüşlər daha sevincli və xoş olmalıdır. Bunun üçün son dəfə Fransiskanın geyindiyi açıq rəngli kürkdən geyinmiş bütün gənc qadınları yox edəcəm. O zaman uzaqdan görəndə də gələn şəxsin Fransiska olduğuna əmin olacam və çaşqın bir halda qalmayacam. Ümidlərimdə də yanılmayacam. Bundan başqa onunla dost ola biləcək bütün oğlanları da yox edəcəm. Onlar Fransiskanı söhbətə tutub ləngidə bilərlər. Mən isə bunu istəmirəm.
Deyəsən şəxsi münasibətlərin təfərrüatına çox vardım. Lakin düşünmək lazım deyil ki, hər şeyi və hamını silərkən öz ani maraqlarımı əlimdə rəhbər tuturam. Heç də yox ümumi maraqlardan çıxış edərək hərəkət etməyə çalışıram. (yenə də dolayısı ilə öz maraqlarımdan). Əgər başlanğıcda yolüstü bütün dövlət müəssisələrini – qarşısı pilləli, girişində sütunlar, vestibüllər, dəhlizlər, kartotekalar, sərəncamlar, şəxsi işlər, həmçinin rəhbər şöbələr, baş direktorlar, müvəqqəti vəzifə icra edən kiçik müfəttişlər, ştatda olan və ştatdan kənar əməkdaşları olan tikililəri məhv edirdimsə, bunu sadəcə ona görə edirdim ki, zənnimcə onların mövcudluğu ümumi ahəng üçün zərərli və gərəksizdir.
İtalo Kalvino – “Bir Qış Gecəsi Ziyarətçisi “ əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər.
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/1752-italo-calvino-bir-kis-gecesi-eger-bir-yolcu.html