“Uçurum İnsanları” (ing. The People of the Abyss) amerikalı yazıçı Cek Londonun 1903-cü ildə nəşr olunmuş əsəridir. Kitab, Cek Londonun 1902-ci ildə Londonda yaşayan insanlar üzərində apardığı müşahidələr əsasında meydana gəlmişdir .
Müəllif bu əsəri yazmaq üçün Londonun yoxsul bölgələrindən birində, uzun müddət yaşamış, eyni zamanda müsahibələr vasitəsilə ərsəyə gətirdiyi bu əsərlə adətən kapitalizmə bir zərbə endirmişdir.
Əsər, əzilən kütlələrin mübarizələri, haqlarının necə tapdanması, gündə iki və ya üç işdə işləməklərinə baxmayaraq necə çətinliklərlə üzləşdiklərini, uşaqların öz talehlərinə necə tərk edildiklərini bütün çılpaqlığı ilə oxucuya çatdırır. Bu bərbad mühitdə yaşayan insanların yoluxucu xəstəliklərə və vərəmə tutulmaları, evsizlərin küçədəki yerlərini paylaşma mübarizələri müəllif tərəfindən ustalıqla təsvir edilmişdir.
Qarnını doydurmaq üçün zibillikdə tapdıqları meyvələri yeyən ac insanlar, xəstəliklərin və pisliyin baş alıb yeridiyi küçələrdə gecələyən evsizlər, öz başına buraxılmış kiçik və sahibsiz uşaqlar, hamısı dəhşətverici bir quyunun içinə düşmüş kimi idilər. İlk səhifəsindən etibarən oxucunu özünə cəlb edən “Uçurum İnsanları”, varlılıq və rifahın arxasındaki yoxsulluğu özündə yansıdır.
“Başqa heç bir kitabımda, yoxsulların iqtisadi baxımdan təhqir olunmasının bariz nümunələri olan Uçurum İnsanları qədər qəlb ağrısı çəkərək, göz yaşı tökmədim.” – Cek London
Ani bir qərarla 1902-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərinə yola düşən Cek London, Londonun cənub hissəsinə gedərək, orada yoxsul bir görkəmdə aylarla məskunlaşır. İngiltərənin seçilmiş və yüksək zümrəsinə qarşı “Uçurum İnsanları”-nın yoxsulluq və səfalət içində yaşamasını ələ alaraq, gördüyü və şahidi olduğu hər şeyi qələmə almağa başlayır.
Cek Londonun bu əsəri, bu baxımdan həmin dövrün İngiltərəsindəki xalqın yaşam şərtlərini əks etdirən bir sənədli film kimidir. Müəllif bu əsəri məhkəmə sənədləri ilə zənginləşdirmiş, İngiltərənin o dövrdəki vəziyyətini bütün çılpaqlığı ilə ortaya qoymuşdur.
Mülkiyyəti əlində cəmləyənlərin, mülksüzləri necə bir həyata sürüklədiklərini əks etdirdiyi bu əsər, insanlarda “Yaxşı bəs uçurum insanları və bu çıxışı olmayan cəhənnəmdə yaşayan digərləri, bütün bunlara niyə dözərək səbir nümayiş etdirirlər?” sualını yaradır.
“İnsanları donuz pəyəsinə bənzəyən yerlərdə yaşamasına səbəb olan və işlədən insanlardan gözəl fikirlər, təmizlik və sevgi gözləyə bilməzsiniz. “ – Cek London
İngilis xanımları və bəyləri.. Bu xanımlar və bəylər, səfalət içində yaşayan işilərin əməyindən yararlanmaqla gözəl həyat tərzi sürməklə qalmayıb, onları pis, qəddar, xəstə adlandıraraq təhqir etməkdədirlər. İngiltərədə işçi sinif haradasa fiziki olaraq varlığını qorumaq üçün lazım olan şərtlərdən belə məhrumdur. Böyük bir ailə, kiçik bir otaqda yaşamağa məhkum edildiyi üçün, bu gün bizlərin başa düşdüyü mənada bu yaşayışın ev həyatından heç xəbəri belə yoxdur. Bir insanın sadəcə olaraq canlı qala bilməsi üçün belə bəs etməyən bu mühitdə, bu insanlar ölüm ilə həyat arasında, daha doğrusu uçurumun bir kənarında günlərini keçirməkdədirlər. Bu şərtlər daxilində yaşanılan həyat tərzi, işçilərin xarakterinin normal bir insan xarakteri kimi formalaşması ehtimalını azaltmışdı. Şaxtalarda çox yüksək temperaturda hər yaşdan olan qadın və kişilər bir dilim çörəklərini qazanmaq üçün mübarizə aparırdılar. Aclıq və yoxsulluq, yanına başqa problemləri və xəstəlikləri də alaraq yoxsulların üzərinə hücum çəkirdi. Sevgi və hörmət üzərində qurulmalı olan qadın və kişi münasibətlərində də əxlaqi çöküntü baş alaraq gedirdi. Buna bir də yaşlılıq, xəstəlik və iş qəzaları nəticəsində ortaya çıxan başqasına möhtaclıq halı da əlavə olunan zaman, insanların yaşamaq üçün nələrdən keçməli olduqlarını bir də özünüz düşünün.
Cek London - "Uçurum İnsanları" əsərinin Türk dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilərlər.
https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/167-jack-london-ucurum-insanlari.html