Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) dincələrkən yazmış, ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır ki, ölümündən sonra Kafkanın ədəbi-bədii irsini bütövlükdə oxuculara çatdıran dostu Maks Brod da bu məktubu yazıçının "Məktublar"ına deyil, bədii əsərlərinin cərgəsinə daxil etmişdi. Əslində, belə də olmalı idi, çünki Kafkanın atasına məktubu onun 1910-cu ildən müxtəlif insanlara, müxtəlif ünvanlara göndərdiyi məktublardan (demək olar ki,onların çoxu çap olunub və 700 kitab səhifəsindən çoxdur!) seçilir. Daha doğrusu, bu məktub avtobioqrafik səciyyə daşımasına baxmayaraq, şəxsi münasibətlər çərçivəsini aşaraq bəşəri dəyərlər baxımından, ümumiyyətlə, insan münasibətlərinin təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Əlyazmasında məktubu bacısı Ottloya ünvanlamışdı ki, sahibinə çatdırsın, amma göndərməmişdi. Ümumiyyətlə, Kafka onu bir neçə dəfə göndərmək və ya kiminsə vasitəsilə sahibinə çatdirmaq istəsə də, həmişə son anda fikrindən daşınmışdı. Bir neçə il sonra çex jurnalisti və onun əsərlərinin çex dilinə tərcüməçisi Milena Yesenskaya (bu qadın həm də onun növbəti uğursuz məhəbbəti idi!) yazdığı məktub da sübut edirdi ki, Kafka onu hələ göndərməyib: "Sabah "Atama məktub”u sənin ev ünvanına göndərəcəm. Onu yaxşı saxla, bəlkə, nə vaxtsa atama verəsi oldun..."