Deyəsən, kimsə Yozef K.-nı şərləmişdi, çünki elə bir pis iş tutmasa da, səhər-səhər gəlib onu həbs etdilər. Sahibəsi Qrubaxın hər gün saat səkkizə qalmış ona səhər yeməyi gətirən qulluqçusu da bu gün gəlmədi. Heç vaxt belə olmamışdı. K. bir az da gözlədi, başını yastıqdan qaldırmadan üzbəüz evdə yaşayan, indi də xüsusi bir maraqla onu müşahidə edən yaşlı qadına baxdı, sonra isə həm aclıq, həm də nəsə bir anlaşılmazlıq hiss edərək zəngi basdı. Elə həmin anda da qapı döyüldü və içəri bu evdə heç vaxt görmədiyi bir kişi girdi. Arıq, ancaq tökməbədən bir kişi idi və əynində də özünə yaraşan paltar vardı; lap səfər paltarına oxşayırdı, üstü cürbəcür büzmələrlə, toqqalarla, düymələrlə dolu idi, belində kəməri də vardı və bütün bunların nə üçün olduğu bilinməsə də, onu çox qıvraq göstərirdi.