Oxuculara təqdim olunan Kəlilə va Dimnə də qədim Şərq ədəbiyyatının əvvəlcə xalq arasında yaranıb, sonra müxtəlif kahinlər və guşənişin müdrik filosoflar tərəfindən işlənmiş ölməz abidələrindən biridir. Tədqiqatçıların inandığına görə bu gözəl sənət əsəri təqribən III—IV əsrlərdə şifahi hekayələr şəklində ilk öncə Hindistanda meydana çıxmışdır. Sonra hind brəhmənləri onu kağıza köçürüb işləməyə başlamışlar.
Zaman keçdikcə onlar İrana və Ərəbistana yayılmışdır. İran Sasani dövlətinin güclü hakimlərindən olan birinci Xosrov Ənuşirəvan zamanı (531—579-cu illər) Kəlilə və Dimnə-nin pəhləvi nüsxəsi yaranmışdır. Bu nüsxə bizim zəmanəyə qədər gəlib çıxmasa da, Ərəb və Suriya dillərində tərcüməsi qalmışdır. Ərəb tərcüməsi təqribən VIII əsrin ortalarında məşhur alim Abdulla ibn Əl-Müqəffa tərəfindən yerinə yetirilmişdir. Lakin bu, sadəcə tərcümə deyildir, mütərcim özündən əlavələr etmiş, bəzi hissələri dəyişmişdir. X—XI əsrlərdən başlayaraq Kəlilə va Dimnə yunan dilinə, sonra yəhudi dilinə və daha sonra latıncaya tərcümə olunaraq, bu vasitə ilə də Avropada şöhrət tapmışdır. Kəlilə və Dimnə-də əhvalatlar heyvanların dilindən nəql olunur. Əlbəttə, bu sadəcə bədii üsuldur. Əslində isə burada insan həyatının bəzi əhəmiyyətli, vacib məsələləri əks olunmuşdur. Ədalətli hakimiyyət haqqında, hakimlərlə xalq arasındakı münasibətlər haqqında maraqlı mühakimələrlə yanaşı biz orada qədim dövrlərdəki xalq həyatının bir çox canlı mənzərələrini, xalqın arzu və istəklərinin əksini görürük. Kəlilə və Dimnə-dəki mənzərələr cəmiyyətin ağalara və qullara bölündüyü, quldarların və feodalların zəhmətkeş insanın başına istədiyi müsibəti açdığı dövrün mənzərələri və əhvalatlarıdır.