CORC ORUELL HEYVANISTAN "Malikanə" fermasının sahibi mister Cons gecə toyuq damının qapısını bağladı. Amma elə sərxoş idi ki, divardakı deşiyə bir şey tıxamaq yadından çıxdı. Arxa qapını təpiyi ilə vurub açdı. Əlində titrəyən fənərin qaranlıqda açdığı işıqlı dairələrlə yıxıla-dura həyətdən keçdi. Mətbəxdə çəlləyin dibində qalmış axırıncı stəkan pivəni birtəhər töküb içdi və missis Consun bayaqdan bəri xoruldadığı yatağına uzandı.