Mənim dözülməz xasiyyətimdən hamıdan çox əziyyət çəkən Kerol Miderə həsr edilir.
Bu Tayler gah məni ofisiant işinə düzəldir, gah da tapançanın lüləsini ağzıma dürtərək bildirir ki, əbədi həyat qazanmaq üçün əvvəlcə ölmək lazımdır. Düzünü desəm, uzun müddət biz Taylerlə yaxşı dost olmuşuq. Rastıma kim çıxsa, hamı məndən Tayler Derdenlə tanış olub-olmadığımı soruşur.
Tapançanın lüləsi badamcıq vəzilərimə dirənib. Tayler deyir:
— Biz öləcəyik, amma bu gerçək ölüm olmayacaq. Mən dilimlə tapançanın səsboğucusundakı dəliyi yoxlayıram. Bu dəliyi birlikdə deşmişdik. Atəş səsini ilk növbədə barıt qazı, ikincisi — səs maneəsini kəsib keçən güllə yaradır. Ona görə, səsboğucu düzəltmək üçün tapançanın lüləsində dəliklər açmaq lazımdır — çoxlu, çoxlu dəliklər. Qazlar ordan çıxır, güllənin sürəti isə səsin sürətindən az olur.