Vaxt vardı, mən bu sualın dürüst cavabını bilirdim. Deyirdim, Savannanı dərin bir istəklə, özümdən də artıq sevəcəyəm, birlikdə uzun, xoşbəxt ömür yaşayacağıq. Amma bu çox çəkmədi. Bir dəfə o mənə dedi ki, xoşbəxtliyin açarı həyata keçmiş arzulardır. Onun arzuları isə ən adi şeylər idi: ev, ailə... Həm də ən vacib. Bu, o deməkdi ki, mənim daimi işim olsun, ağ, taxta çəpər içində evim, furqon avtomobilim, ya da "Cip"im olsun. Elə böyük olsun ki, uşaqlarımızı məktəbə, diş həkiminə, futbol məşqinə və ya fortepiano dərslərinə apara bilək. İki, ya üç uşağımız olsun. Savanna hələ qəti qərar verməmişdi, amma mənə elə gəlirdi ki, vaxtı çatanda "bu, Allahın işidi, müdaxilə etməyək" deyəcək. Bax, belə idi mənim Savannam, yəni dindar idi bir az. Bəlkə də elə buna görə mən ona vuruldum. Həyatımızda nələr baş versə də, təsəvvürlərim məni xoşbəxt etməyə bəs edirdi – budur, mən ağır iş günündən sonra evə gəlib onun yanında uzanıram, gülə-gülə, danışa-danışa bir-birimizin qolları arasında məst oluruq.