İndi mən ölüyəm, bir quyunun dibində meyitəm. Son nəfəsim çoxdan çıxıb, ürəyim çoxdan dayanıb, amma alçaq qatilimdən başqa kimsə başıma gələnləri bilmir. O iyrənc rəzilsə məni öldürdüyünə yaxşıca əmin olmaq üçün nəfəsimi dinlədi, nəbzimə baxdı, sonra böyrümə bir təpik ilişdirdi, məni quyunun yanına sürüdü, qaldırıb aşağı atdı. Daşla əvvəlcədən sındırdığı kəlləm quyuya düşəndə parça-parça oldu, üzüm, alnım, yanaqlarım əzildi, yox oldu; sümüklərim qırıldı, ağzım qanla doldu. Dörd gündür ki, evə qayıtmamışam: arvadım, uşaqlarım məni axtarırdılar. Qızım ağlaya-ağlaya əzab çəkir, həyət qapısına baxır; hamısının gözü yolda, qapıdadı. Doğrudan, qapıdadırmı, onu da bilmirəm. Bəlkə də alışıblar, çox təəssüf! Çünki burada olanda insana elə gəlir ki, geridə qoyduğu həyatın əvvəllər olduğu kimi keçib-gedir. Mən doğulmamışdan qabaq arxamda hüdudsuz zaman vardı. Mən öləndən sonra da həmin zaman bitib-tükənməyəcək! Yaşayanda bunlar barədə heç düşünməzdim; eləcə işıqlar içində, iki qaranlıq zaman arasında yaşayardım.