XX əsr milli ictimai, ədəbi və mədəni fikir tariximizdə özünəməxsus yer tutan görkəmli ədib Abdulla Şaiq həm də uşaqların sevimli yazıçısı, şairi və dramaturqudur. Əsrin əvvəllərində də, ortalarında da pedaqoji intibahın görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərən Şaiqin 40 ilə yaxın şərəfli müəllimliyi Azərbaycanda xalq maarifinin tarixinə işıqlı səhifə kimi yazılmışdır. Şair ikən müəllim, müəllim ikən şair olan Şaiqin şeirdə də, tərbiyədə də məqsədi gəncliyin mənəvi çırağını alışdırmaq idi. Azərbaycan uşaq şei"ri və nəsri, dramaturgiyası bütöv və müstəqil bir klassik məktəb səviyyəsində məhz onun yaradıcılığında kamala çatmışdır. Bizdə uşaqlar üçün ilk milli səhnə əsərini, ssenarini o yazmışdır. Gənc tamaşaçılar teatrı milli dramaturqlardan ən çox onun adı ilə bağlı olmuşdur. A.Şaiqin “Seçilmiş əsərləri”nin bu cildinə tanınmış ədibin uşaqlar və gənclər üçün yazdığı əsərləri — şeirləri, poemaları, hekayələri, təmsil və pyesləri daxil edilmişdir.
Kitaba daxil edilmiş PYESLƏR: Gözəl bahar, Çoban, İntiqamçı xoruz, Ürək tikmək və ya Qurban bayramı Danışan kukla, TƏMSİLLƏR: Tülkü və xoruz, Dəvə və siçan, Arı və eşşək, Arı və kəpənək, Tülkü və dovşan, Hacıleylək və sərçə, Tülkü və dəvə, Dəvə, tülkü və qurd