Kitabda 13-14 - cü əsrlər Azərbaycan ədəbiyyatının böyük təsəvvüf şairi Marağalı Əvhədinin "Cami-Cəm" əsəri oxuculara təqdim olunur. Əsər orta əsrlər Müsəlman Şərqinin mükəmməl dini-fəlsəfi sistemi olan təsəvvüfün nəzəri görüşlərini və mənəvi-əxlaqi dəyərlərini özündə əks etdirir.
Marağalı Əvhədi XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatında, zəngin yaradıcılığı, mövzu genişliyi ilə seçilən, əsərləri ilə həyata ciddi müdaxilə edən ən görkəmli sənətkarlardan biridir. Klassik Şərq ədəbiyyatının qabaqcıl ənənələrinə sadiq qalan bu istedadlı şair xəlqiliyi və humanizmi baxımından Nizami irsinə daha yaxındır. Onun ədəbi irsi klassik ədəbiyyatımızın ən qiymətli nümunələrindəndir. Özünə qədərki Yaxın və Orta Şərq İntibahının elm və ədəbiyyat sahəsindəki əsas nailiyyətləri əsasında tərbiyələnən ədib 40 ildən artıq yazıb-yaratmaqla məşğul olmuşdur. O, ədəbiyyatımızı bir sıra yeni ideyalar və sənətkarlıq keyfiyyətləri ilə zənginləşdirmişdir.
Əvhədəddin Əvhədi Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan Marağa şəhərində o qədər də yoxsul olmayan, ortabab bir ailədə doğulmuşdur. Burada böyüyüb təhsil almış, şair kimi yetişmişdir. Marağa rəsədxanasının geniş fəaliyyət göstərdiyi illərdə təhsil alan şair, həm də hərtərəfli elmi bilik əldə etmişdir. Bilik və səadət arzusu ilə Şərqin bir çox şəhərlərini gəzmişdir. 20 ildən çox İsfahanda yaşamışdır. 59 yaşında ikən Marağa şəhərinə qayıtmış və 1333-cü ildə də burada ensiklopedik səciyyə daşıyan məşhur “Cami-Cəm” (“Cəmşidin camı”) poemasını yazmışdır. 1338-ci ildə 64 yaşlı şair Marağada vəfat edir. Qəbri Marağada indi də Pir Əvhədəddin adı ilə məşhurdur.